İran və Oman Hörmüz boğazından keçən gəmilər üçün dənizçilik marşrutu ilə bağlı razılığa gəlib.
KONKRET.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqainin açıqlamasına görə, Tehran və Maskat Hörmüz boğazından keçəcək gəmilərin hərəkət marşrutunun coğrafi koordinatlarını razılaşdırıblar.
Baqai bildirib ki, bəzi texniki məsələlərlə bağlı müzakirələr hələ davam edir. Tərəflər boğazda gəmiçilik hərəkətinin təşkili və marşrutun idarə olunması ilə bağlı yekun razılaşma üzərində işləyirlər.
Məlumata görə, əldə olunan razılaşma Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyır. Bununla belə, boğazın tam şəkildə beynəlxalq gəmiçiliyə açılması məsələsində İranın ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və digər tələblərlə bağlı mövqeyi qalır.
Qeyd edilir ki, Hörmüz boğazında gəmiçilik son aylarda ciddi şəkildə azalıb. Reuters-in məlumatına görə, avqustun 14-də boğazdan cəmi bir neçə gəminin keçdiyi qeydə alınıb. Bu vəziyyət dünya enerji bazarlarında da ciddi narahatlıq yaradıb, çünki boğaz qlobal neft daşımalarının əsas marşrutlarından biridir.
İran və Oman arasında əldə olunan razılaşmanın qüvvəyə minməsi və gəmiçilik hərəkətinin hansı şərtlərlə bərpa olunacağı ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Günay Əli
KONKRET.az
