Bu ilin oktyabr ayının 19-da Qusar Rayon İcra Hakimiyyəti Qusar şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında yerləşən ticarət obyektinin istismarına icazə verib.
KONKRET.az yeniavaz.com-a istinadən xəbər verir ki, ümumi sahəsi 362,6 kv. metr olan obyektin sahibi Alxasov İlkin Şair oğludur.
Tikintisinə 2018-ci ildə başlanılan obyektin sahibi, eyni zamanda, tikintinin istismarına icazə verən quruma rəhbərlik edən şəxsin – Qusar Rayon İcra Hakimiyyəti başçısı Şair Alxasovun oğludur.
Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.
İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır.

