Ermənistanın İctimai Televiziyası “Mən qarğayam, qarğayam” mahnısına görə cəzalanıb. Mahnıda Baş nazir və katolikosun ələ salındığı iddia olunur.
KONKRET.az “Hraparak”a istinadən xəbər verir ki, Baş nazirin və katolikosun Yeni il çıxışlarından dərhal sonra səsləndirilən mahnı qalmaqala səbəb olub. Hadisə ilə bağlı Yeni il verilişi iclasda ayrıca müzakirə edilib və teleşirkətin icraçı direktoru Ovannes Movsisyana töhmət verilib. Rejissor özü haqlı olaraq qeyd edib ki, fraqmentin seçilməsi ölkənin birinci şəxslərinin çıxışı ilə bağlı deyil. O bildirib ki, bu nömrə ilə paytaxt kinoprokatına çıxarılması nəzərdə tutulan yeni “Bizim həyət” filminə diqqət çəkməyə çalışıblar.
Xatırladaq ki, Nikol Paşinyan və katolikos II Qaregin 44 günlük müharibədən sonra danışmırlar. Döyüşlər başa çatdıqdan sonra katolikos rəsmi olaraq Baş naziri istefaya çağırıb, bundan sonra Paşinyan II Qareginin keçirdiyi Erməni Apostol Kilsəsi liturgiyalarına getməyi dayandırıb.
Xuraman Etibarlı,
KONKRET.az
