Fevralın 20-də Pekində keçirilən Qış Olimpiya Oyunları başa çatdı. Ölkəmizi bu ali yarışlarda 4 idmançı təmsil edirdi. Çox təəssüf ki, idmançıların heç biri mükafatçılar sırasına düşə bilməyib. Yada salaq ki, ötən yay baş tutan Tokio Olimpiadası da idmançılarımız üçün heç də uğurlu olmayıb. Yarışlara qatılan 44 idmançımızdan yalnız 7-si medal qazana bilib. Lakin komandamız qızıl medal üzünə həsrət qalıb. Bu antirekordla müstəqilliyimiz tarixində olimpiya oyunlarında ən pis göstəriciyə “nail olmuşuq”.
Bəlli məsələdir ki, son 20 ildə Azərbaycanda idmanın inkişafı və sağlam həyat tərzinin təşviqi istiqamətində böyük layihələrə imza atılıb. Çox böyük maddi-texnika baza yaradılıb. Hazırda bütün rayon mərkəzlərində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Ölkəmizdə ən müasir idman qurğuları quraşdırılıb. Ötən dövr ərzində ən müasir stadionlar, idman zalları, meydançalar istifadəyə verilib. Yəni dövlət bu sahəyə lazimi qədər investisiya yatırıb. Lakin yatırılan milyard manatlarla kapitalın müqabilində istənilən nəticə əldə olunmayıb. Bunun da bir sıra səbəbləri var.
Birincisi, kadr məsələsindəki boşluqlar və yanlışlıqlardır. Son vaxtlar və çox təəssüf ki, bu gün də hansısa idman sahəsində son sözü peşəkarlar deyil, həvəskarlar və yaxud bu sahəyə təhkim olunan insanlar deyir. Belə ki, hazırda bütün idman federasiyaların başında məmurlar dayanır. Halbuki, o məmurların çoxunun rəhbəri olduğu idman sahəsi ilə bağlı ibtidai bilgiləri belə yoxdur.
Məsələn, voleybol və yaxud həndbol federasiyasının prezidenti bəlkə də bilmir ki, bu idman sahəsi ölkəmizdə nə vaxtdan təşəkkül tapıb və hansı bölgələrdə daha çox maraq kəsb edir. Hətta federasiya prezidentləri var ki, ofisin yerini belə bilmir. Ayda-ildə bir dəfə iclas edirsə, onu da əsas iş yerində keçirir. Yəni istər boks, istər güləş, istərsə də digər federasiyanın rəhbəri bu sahəyə bu və ya digər şəkildə bağlı deyil. Həmin məmurlar bir növ həmin sahəyə təhkim olunublar. Və təbii ki, ölkəmizdə idman qeyri-kommersiya sahəsi sayıldığı üçün məmurlar bu sahəyə çox isti münasibət göstərmirlər. Əksinə, məmurlarımız federasiyalara əlavə “rasxod” yeri kimi baxırlar. Əlavə “rasxod” isə heç kim üçün xoş deyil. Və belə yerdə konkret nəticə üçün heç kim cani dildən çalımır. Vaxtilə Fazil Məmmədov, Kəmaləddin Heydərov, Rövnəq Abdullayev və digərləri ən azı 2 federasiyaya “rəhbərlik” edirdilər. Necə rəhbərlik etdiklərinin acı nəticəsini də bu gün apaaydın görürük.
Bəllidir ki, adını çəkdiyim və çəkmədiyim məmurların heç biri günlərlə gəlib federasiyada oturub, idmançıların qayğıları ilə məşğul olmayıb, onların məşqlərini izləməyib və hətta yerli yarışların keçirildiyi məkana belə gəlməyiblər. Belə olan halda isə hansısa uğurdan danışmaq yersizdir.
İkincisi, idman federasiyaları zaman-zaman kimlər üçünsə dolanışıq yeri olub. Mən adam tanıyıram ki, telejurnalist olub, rejissor olub, mühəndis olub. Amma bir də eşitmişəm ki, hansısa idman federasiyasında seleksiyaçı mütəxəssis kimi “çalışır”. Gündə bir xarici ölkədə kef edən bu “seleksiyaçı” guya istedad axtarıb. Hətta onlardan biri bir dəfə mənə sirr gəldi ki, “gedirəm xaricə, orta səviyyəli idmançı tapıram. Yerindəcə qiyməti razılaşıram. Gətirirəm Azərbaycana hər ay aldığı 5-10 minin 20-30 faizini alıb qoyuram cibimə”.
Ona görədir ki, bu gün milli komandalarımızda kifayət qədər əcnəbi var. Götürək elə son Pekində keçirilən qış olimpiya oyunlarını. Yarışlarda iştirak edən 4 idmançıdan heç biri azərbaycanlı deyil. Və bu idmançıların heç biri heç Bakını belə tanımır. “Zato” hər ay 5-10 min manat maaş alır. Göstərdikləri nəticə isə göz qabağındadır. Hələ onu demirəm ki, Qış Olimpiya Oyunları Azərbaycan üçün qeyri-ənənəvi idman sahəsidir. Konkisürmə, xizəkçilik və digər idman növləri tarixən ölkəmizdə olmayıb. Əgər dünən olmayıbsa, bu gün niyə onu idman həyatımıza dürtüşdürürük. Və bu yolda milyonlarla vəsaiti küçəyə atırıq.
Və yaxud Qolf Federasiyasını götürək. Axı, bu idman növü bizim məişətimiz üçün tamamilə yaddır. Yad olan sahədə isə hansısa uğurdan danışmaq ən azı ağılsızlıqdır. Di gəl ki, hər il bu cür federasiyalarda milyonlarla manat vəsait silinir.
Baxmayaraq ki, ənənəvi idman sahələrində də son illər uğurlarımız azalıb. Vaxtilə keçmiş SSRİ-də şahmat, güləş, boks, karate, həndbol, futbol kimi idman növlərində ölkəmizin idmançıları çox böyük uğur qazanıb. Hətta vaxtilə qılıncoynatmada Bakı məktəbi dünyada ad çıxartmışdı. Və o məktəbin məşhur simaları olan Məmmədovlar ailəsi hazırda Rusiya Federasiyasını uğurla təmsil edirlər.
Ənənəvi idman sahələrinin inkişafındakı tormozlanmanın bir səbəbi legionerləşmədirsə, digər səbəbi maliyyə fırıldaqlığıdır. Hazırda boksda kubalıya, güləşdə dağıstanlıya, ukraynalıya, həndbolda çinliyə rast gəlməyimiz adı haldır. Heç soruşan da yoxdur ki, “Ayə, bu kubalının, xaxolun, farsın milli komandamızda nə işi var?! Axı, əcnəbini milliləşdirməklə hansısa dönəmdə xırda uğur qazanmaq olar, lakin idmanın inkişafından danışmaq olmaz”. Belə idman siyasəti ilə biz ən yaxşı halda özümüzü aldadırıq.
İdmanın inkişafıı üçün konkret strategiya olmalıdır. Vaxtilə rayon təhsil şöbələrinin nəzdində idman məktəbləri vardı. KKİBTC deyilən idman şəbəkəsi fəaliyyət göstərirdi. Və bu məktəblərdə çoxlu sayda idmançılar yetişdirilirdi. Hər həktəb üçün konkret norma var idi. Məsələn, İsmayıllı rayonu il ərzində neçə idman ustası, neçə ustalığa namizəd yetişdirməlisən. Bu normanı verməyənlərsə, cəzalanırdı. İndi isə idmanın ilkin mərhələsi könüllülük prinsipinə söykənir. Kim istəyir uşağını pullu idman kurslarına yazdırır. Orda da fərasəti olan, adamı olan irəli gedir. Adamı olmayanınsa istedadı beşiyindəcə boğulur. Məsələn, mənim oğlum uşaqkən boksa gedirdi. Yaxşı da döyüşürdü. Məşqiçiləri də razı idi. Şəhər birincisi oldu. Zona yarışlarına qatıldı. Amma orda haqsızlıqla üzləşdi. 100 faizlik qələbəsi əlindən alınıb başqasına verildi. Mən də getdim. Danışdım. Ertiraf etdilər ki, səhv ediblər. Yuxarıdan verilən tapşırığa əsasən qalib başqası olub. Oğlum sındı və boksu atdı. Məşqçilər çox gəlib-getdi. Dedilər ki, “belə şeylər olur, gəl sənin istedadın var, heyif eləmə…”. Amma uşaq sınmışdı. Və idmandan bir dəfəlik uzaqlaşdı. Bax, bu da Azərbaycan reallığıdır.
Dünya təcrübəsi göstərir ki, idmanın inkişafı yalnız kommersiya yolundan keçir. Hər bir idman klubu həm də kommersiya subyekti kimi fəaliyyət göstərməlidir. İdmançılar yetişdirilməli, onların satışından, reklamından və geyimlərindən gəlir əldə edilməlidir.Sovetdən qalan təhkimçilik idmanın inkişafını ancaq ləngidir. Məsələn, bu gün istər Sahil Babayev, istər İnam Kərimov, istərsə də digər məmurlar öz dövləti vəzifələrinin belə öhdəsindən gələ bilmirlər. Üstəlik onları hansısa federasiyanın rəhbərliyinə gətirmək heç də məntiqli görünmür. Şəxsən mən inanmıram ki, Sahil Babayev gedib saatlarla idmançıların yarışlarını izləyəcək, onlarla vaxt keçirəcək və rəhbəri olduğu sahənin uğur qazanmasına əsaslı töhfə verəcək. Eləcə də digər nazirlər. Məmurlar ancaq idmanın inkişafını əngəlliyəcəklər.
Bu məsələdə tək çıxış yolu federasiya və idman klublarının rəhbərliyinə sahibkarların gətirilməsidir. Çünki sahibkarlar pul qazanmaq və yaxud qoyduqları pulun batmaması üçün əlindən gələni edəcəklər.
Fikrimin sübutu üçün sahibkarların Azərbaycan idmanının inkişafındakı rolundan kifayət qədər geniş danışmaq olar. Məsələn, 8 ildir ki, Avropada özündən söz etdirən “Qarabağ” klubu “Azərsun”a məxsusdur. Holdinq klubun inkişafı üçün insaf naminə deyək ki, çox iş görüb və bu gün də onun bəhrəsin görür. Həm yarışlarda uğur qazanır, həm də biznesdə…
Vaxtilə Yevlaxın “Karvan”, Tovuzun “Turan”, Lənkəranın ” Xəzər-Lənkəran”, İmişlinin “MKT-Araz” komandaları da ayrı-ayrı iş adamlarının idi. Və o zamanlar bu klublar nəinki ölkə çempionatında, eləcə də Avropada uğurlu çıxışlar edirdi. Amma həmin iş adamlarının hamısı ölkədən perik salındı və klublar dağıdıldı. Hazırda Azərbaycanda “Qarabağ”dan başqa hansısa şirkətə məxsus klub yoxdur. Varsa da, formal xarakter daşıyır.
Bir sözlə, idmanımızı inkişaf etdirmək istəyiriksə, hökmən onu məmurlarımızın manapoliyasından qurtarmalıyıq. Əks təqdirdə hələ çox itirəcəyik…
Surxay Atakişiyev,
KONKRET.az.
