Kafedə “xolodnıy” tələsinə düşməməyin yolları – Bunları bilməsəniz…backend

Kafedə "xolodnıy" tələsinə düşməməyin yolları - Bunları bilməsəniz...

“Kiçik kafelərdə menyusuz xidmətdən tutmuş, soyuq qəlyanaltılar adlanan məhsulların baha qiymətə təqdim olunması həm istehlakçı hüquqları, həm də qida servisi etikası baxımından ciddi bir boşluqdur. İlk növbədə menyusuz xidmət istehlakçının məlumat almaq hüququnu pozur. Çox vaxt kafelərin yüksək gəlir əldə etmək üçün istifadə etdiyi bir strategiyadır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“ Qiymət şəffaflığı yalnız məcburi menyu sistemi, rəqəmsal qiymət siyahıları və qanunvericilik çərçivəsində tətbiq edilən nəzarət mexanizmləri ilə təmin edilə bilər. Əksəriyyətimiz ya müşahidə edib, ya da ətarfdakı insanlardan eşidib ki, menyu olmadıqda ofisiant, ya obyekt sahibi müştərinin xarici görünüşünə, geyimini, davranışına əsasən qiymət oxuyur. Belə olduqda kommersiya etikasın kobud şəkildə pozulur” , – deyə o, bildirib.

A.Vəliyev vurğulayır ki, istehlakçı olaraq nə yediyimizi, onun tərkibini və qiymətini bilməliyik: “Qiymət şəffaflığı təkcə rəqəmlər deyil, həm də məhsulun miqdarı ilə bağlıdır. Bir boşqab pendir ifadəsi elmi bir ölçü deyil. O boşqabda 150 qram yox, 50 qram pendir varsa, bu qiymətə daxil edilmirsə, bu hal həm də gizli çəki oğurluğudur. Bir çoxumuza məlumdur ki, “xolodnıy” dediyimiz pendir, şoraba, göyərti, zeytun, kürü və başqa qidalar adətən bişirilmə və mürəkkəb emal tələb etməyən məhsullardır. Kafelər əsas yeməklərdə rəqabətə davam gətirmək üçün qiyməti aşağı saxlayır. Zərəri bağlamaq üçün maya dəyəri aşağı, amma məcburi görünən bu qəlyanaltılardan qazanc əldə edirlər. Menyu olmadıqda müştəri olaraq sifariş verdiyimiz məhsulun həcmini və vahid qiymətini bilmirik. Məsələn, bir boşqab pendirin neçə qram olduğu və neçəyə hesablandığı qeyri-müəyyən qalır”.

Ekspert qeyd edir ki, yenə hər zaman olduğu kimi, burada da vətəndaş, həm də istehlakçı olaraq üzərimizə nəzarətçi funksiyası düşür: “Masaya oturan kimi menyu gözümüzə dəymirsə, tələb etməliyik. Əgər menyumuz yoxdur cavabını alsaq, ofisiantdan gətirəcəyi hər bir “xolodnıy”ın qiymətini əvvəldən soruşmalıyıq. Belə etsək sonradan qiymətlə bağlı sürprizlər qorunmuş olarıq. Çox vaxt kafedə 15-20 manata təqdim olunan kiçik pendir boşqabının market qiyməti 2-3 manata yaxındır. Xidmət haqqını nəzərə alsaq da bu fərq 3-4 qatdan artıq olmamalıdır. Müasir dövrdə kiçik kafelər belə çap xərclərindən qaçmaq üçün sadə bir QR kod vasitəsilə rəqəmsal menyu yarada bilərlər. Bu şəffaflığın ən ucuz və effektiv yoludur”.

A.Vəliyev əlavə edir ki, qiyməti baha olan soyuq qəlyanaltılar həm də ən riskli qidalardır: “Menyusuz və qeyri-şəffaf yerlərdə bu məhsulların təzələnməsi zəif ola bilər. Soyuq qəlyanaltılar 5°C-dən yuxarıda saxlanılarsa, mikrobioloji inkişaf sürətlənir. Əgər pendirin kənarları quruyubsa, tərəvəzlər pisləşibsə, demək saxlanma şəraiti və temperatur tələbi pozulub. Dövlət tərəfindən bütün ictimai iaşə obyektlərinə rəqəmsal menyu olan QR kod məcburiyyəti gətirilməlidir. Bu hal həm çap xərcini aradan qaldırır, həm də qiymətlərin mərkəzi sistemdə qeyd olunmasını təmin edir. İstehlakçılar olaraq menyu təqdim etməyən obyektlərdən xidmət almaqdan imtina etməli, həm də müvafiq qurumlara şikayət ünvanlamalıyıq. Soyuq qəlyanaltılar üçün standart porsiya anlayışı tətbiq olunmalıdır. Müştəri bilməlidir ki, çoban salatı dedikdə neçə qramlıq məhsulu nəzərdə tutur”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*