İlham Əliyevin yenilənmiş strategiyası: enerji, tranzit və yeni tərəfdaşlıqlarbackend

İlham Əliyevin yenilənmiş strategiyası: enerji, tranzit və yeni tərəfdaşlıqlar

“Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə paralel və qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da bu baxımdan Azərbaycanın çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirən platformalardan biridir.

Təşkilatın coğrafiyasının Çin və Mərkəzi Asiyadan Cənubi Asiyaya, Rusiya və İrana qədər genişlənməsi onun geosiyasi və geoiqtisadi çəkisini artırır. Azərbaycanın ŞƏT ilə dialoq tərəfdaşı kimi əməkdaşlığı ölkəyə təşkilata üzv dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əlaqələri inkişaf etdirmək imkanı verir”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib.

Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük  güclərin planlarını pozdu- ÖZƏL

O bildirib ki, müasir dünyada baş verən geosiyasi proseslər və müharibələr enerji, nəqliyyat və tranzit marşrutlarının təhlükəsizliyini daha da aktuallaşdırıb. Bu şəraitdə Azərbaycanın yerləşdiyi coğrafi mövqe xüsusi strateji əhəmiyyət daşıyır:

“Azərbaycanın mərkəzində dayandığı Orta Dəhliz Şərqlə Qərbi birləşdirən əsas və etibarlı tranzit marşrutlardan birinə çevrilməkdədir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və daha sonra Avropa istiqamətində uzanan bu marşrut regional ticarətin, yükdaşımaların və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Bu baxımdan Azərbaycanın ŞƏT ilə əməkdaşlığı strateji coğrafi mövqeyinin verdiyi üstünlüklərdən istifadə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. ŞƏT məkanında yerləşən və Şərqdə, Mərkəzi Asiyada, Cənubi Asiyada və digər istiqamətlərdə mühüm iqtisadi potensiala malik dövlətlərin Avropa bazarlarına çıxışında Azərbaycan üzərindən keçən nəqliyyat bağlantıları mühüm rol oynaya bilər”.

E.Səftərov vurğulayıb ki, Azərbaycan təkcə enerji istehsalçısı və ixracatçısı deyil, eyni zamanda müxtəlif enerji istehsalçıları ilə əsas istehlak bazarları arasında mühüm bağlantı yaradan ölkələrdən biridir.

“ŞƏT məkanında böyük neft və qaz ehtiyatlarına malik ölkələrlə yanaşı, enerji tələbatı yüksək olan nəhəng iqtisadiyyatlar da mövcuddur. Bu baxımdan Azərbaycanın enerji infrastrukturu və enerji resurslarının dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılması imkanları təşkilat məkanında əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

Azərbaycanın enerji və nəqliyyat infrastrukturlarının bir-birini tamamlaması ölkənin regional bağlantı rolunu daha da gücləndirir. Bu baxımdan Azərbaycan həm enerji resurslarının ixracında, həm də müxtəlif enerji istehsalçıları ilə istehlak bazarları arasında əlaqələrin qurulmasında mühüm tərəfdaş kimi çıxış edə bilər”.

Onun sözlərinə görə, Azərbaycan–ŞƏT münasibətlərinin əhəmiyyətini artıran əsas amillərdən biri Çinlə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.

“Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında imzalanmış Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Eyni zamanda, bu tərəfdaşlıq Azərbaycanın ŞƏT məkanında əməkdaşlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

Çinlə strateji tərəfdaşlıq Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantısında rolunu gücləndirir və Orta Dəhlizin inkişafına əlavə impuls verir. Bu münasibətlər Azərbaycanın Asiya ilə Avropa arasında mühüm bağlantı mərkəzi kimi əhəmiyyətini də artırır”.

Politoloq qeyd edib ki, Azərbaycanın ŞƏT platformasında iştirakının dinamikası ölkənin bu təşkilata verdiyi siyasi əhəmiyyəti də göstərir.

“Azərbaycan 2022-ci ildə Özbəkistanda keçirilən ŞƏT sammitində fəxri qonaq qismində iştirak edib. 2024-cü ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən ŞƏT sammitində Prezident İlham Əliyev iştirak edərək çıxış edib.

2025-ci ildə isə Çinin Tyantszin şəhərində keçirilən ŞƏT tədbirlərində Azərbaycanın iştirakı davam edib. Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tyantszində keçirilən “ŞƏT Plus” formatında görüşdə iştirakı Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi siyasi əhəmiyyətin növbəti göstəricisi olub.

Bu iştirak dinamikası göstərir ki, Azərbaycan ŞƏT ilə münasibətlərə yalnız formal əməkdaşlıq istiqaməti kimi deyil, siyasi, iqtisadi və geostrateji imkanların genişləndirilməsi baxımından əhəmiyyətli platforma kimi yanaşır”.

E.Səftərovun sözlərinə görə, Azərbaycan–ŞƏT əməkdaşlığının potensialı yalnız bir istiqamətlə məhdudlaşmır. Mövcud imkanları bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlara enerji resurslarının istehsalı, nəqli və dünya bazarlarına çıxarılması, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat bağlantılarının inkişaf etdirilməsi, Azərbaycanın regional logistika mərkəzi kimi rolunun gücləndirilməsi daxildir.

“ŞƏT məkanında yerləşən dövlətlərlə ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların və iqtisadi layihələrin artırılması, regional təhlükəsizlik və sabitliyə töhfə verən əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin dövlətlər və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsi əsas prioritetlər sırasındadır.

Bu istiqamətlərin hər biri Azərbaycanın milli maraqları ilə yanaşı, ŞƏT ölkələrinin iqtisadi və strateji maraqları baxımından da qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır”.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır.

O, Ermənistanın Baş naziri ilə keçirilən görüşə də diqqət çəkib:

“Bu görüş dövlətlərin ən yüksək səviyyəli şəxslərinin birbaşa və üzbəüz dialoq aparması, müəyyən məsələləri müzakirə etməsi və mümkün razılaşmaların əldə olunması baxımından mühüm platformadır.

Bu baxımdan ŞƏT sammitini Azərbaycan üçün yalnız dialoq və fikir mübadiləsi platforması kimi deyil, həm də yeni əməkdaşlıqların qurulması, müxtəlif istiqamətlər üzrə razılaşmaların əldə edilməsi və mövcud tərəfdaşlıqların daha da inkişaf etdirilməsi baxımından mühüm imkan kimi qiymətləndirmək olar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*