Gürcüstan parlamenti müxalifətin respublika ərazisində Müqəddəs Georgi lentindən, eləcə də Z və V simvollarından istifadənin qadağan edilməsi təşəbbüsünə qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, Gürcüstan parlamentinin prosedur məsələlər və qaydalar komitəsinin sədri İrakli Kadaqişvili bu təşəbbüsü spekulyasiya adlandırıb:
“Beynəlxalq brendlər var ki, orada Z və V bu və ya digər şəkildə istifadə olunur. Buna əsaslanaraq, bunu necə qadağan edə biləcəyimizi bilmirəm. Ümumiyyətlə, Gürcüstanda belə bir təbliğat yoxdur. Yazıçılardan biri çox yaxşı deyib ki, bu məntiqlə elə “Əsgər atası” filmi də bu təbliğatın tərkib hissəsidir. İndi biz “Əsgər atası”na qadağa qoymalıyıq?
Çox vaxt biz ideoloji və siyasi spekulyasiya ilə məşğul oluruq. Biz nə “Müqəddəs Georgi” lentindən, nə də Rusiyanın təcavüzünün təbliğatının başqa əlamətlərindən istifadə etmirik. Əgər buna əməl etsək, o zaman “Georgi Saakadze” filmini qadağan etmək lazımdır, filmdə Rusiyanın da adı var, o da sovet dövründə çəkilib… Məncə, bu, daha çox kampaniya xarakteri daşıyır”, – deyə Kadagişvili bildirib.
Sevinc Paşayeva,
KONKRET.az
