“İnsanın 10 gündən çox torpaq və daş altında qalması mümkün deyil” – Həkimdən AÇIQLAMAbackend

“İnsanın 10 gündən çox torpaq və daş altında qalması mümkün deyil” – Həkimdən AÇIQLAMA

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ dünyanın diqqət mərkəzindədir. Hazırda bir çox ölkələrin dəstəyi ilə  axtarış-xilasetmə işləri həyata keçirilir. Artıq 4 gündən çox vaxt keçməsinə baxmayaraq hələ də dağıntılar arasından sağ çıxarılanların olması ümidləri daha da artırır. Baş verən hadisə eyni zamanda bir insanın dağıntılar altında, soyuq hava şəraitində, ac-susuz vəziyyətdə nə qədər qala biləcəyi ilə bağlı mövzunu gündəmə gətirir. Görəsən, Türkiyədəki hazırkı şəraitdə insan dağıntılar arasında neçə gün yaşaya bilər?  

Mövzunu KONKRET.az-a şərh edən həkim pulmonoloq Əsəd Beydullayev bildirib ki, praktikada uyğun şəraitdə qalan insanların 10 gündən sonra da sağ çıxarıldığı müşahidə edilib: “Əslində tibbi olaraq insanın bir həftə susuz qalması mümkündür. Amma qidasız insan iki aya yaxın yaşaya bilir. Uçqun zamanı bir insan ciddi travma almayıbsa və sadəcə bağlı məkanda qalıbsa, üstəlik hava keçidi də mümkündürsə, o zaman 7-10 gün sağ qalmaq şansı var. Burada təbii ki, insanın fiziki imkanlarını da nəzərə almaq lazımdır. Əslində bu, çox möcuzələrlə müşaiyət olunan bir məsələdir. Adicə bir gün evdə diqqətsiz qalan uşaqda belə hansısa xəstəlik yarana bilər.  Amma 70 saat sonra dağıntılar altından körpələrin sağ-salamat çıxarıldığını müşahidə edirik. Bu, həqiqətən də möcüzədir. Qapalı mühitdə sağ qalmaq üçün bir çox faktorlar önəm daşıyır. İnsanın psixoloji stressi, panik durumu, depressiv vəziyyəti immun sisteminə ciddi təsir göstərir. Yaxud bir həftə soyuq daşın altında qalan insanlarda ciddi tənəffüs yolu xəstəlikləri və digər orqanların iltihabı meydana gəlir. Bu da insanın klinik vəziyyətini ağırlaşdırır. Nəzərə almaq lazımdır ki, dağıntılar altından sağ çıxarılan insanların böyük əksəriyyətində müxtəlif xəstəliklər ola bilər. Ona görə də ciddi nəzarətdə olmalıdırlar”.

Baku Medical Plaza - Dr. Əsəd Beydullayev

Əsəd Beydullayev əlavə edib ki, söhbət sağlam insandan gedirsə və olduğu mühitdə ciddi travma almayıbsa, bu zaman 7-10 gün müddətinə sağ qala bilər: “Yaxud kimsə evində sıxışıb qalıbsa, yanında ehtiyat su və ya qida varsa, o zaman daha uzun müddət sağ qalmaq imkanları mövcuddur. Soyuq hava şəraiti də buna təsir edən amillər sırasındadır. Çünki bir şəxs sıfır dərəcə temperaturda uzun müddət qala bilməz. Bu, insanın donmasına səbəb olar. Bədən temperaturunun ciddi şəkildə düşməsi xəstənin ölümünə gətirib çıxara bilər. Əgər dağıntılar altında qalan insanın üst geyimi qalındırsa, yaxud yanında su ehtiyatı varsa, o zaman bir həftə, 10 gün müddətində sağ qalması mümkündür. Əks halda insanın 10 gündən çox torpaq və daş altında qalması mümkün deyil. Ümid edək ki, qardaşlarımız ən sonuncu sağ qalan insana qədər hər kəsi dağıntılar altından çıxara biləcəklər və bizi sevindirəcəklər”.

Sevinc Paşayeva,

KONKRET.az

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*