“İnsanların rəyləri onların yaşadığı həyat tərzi ilə bağlıdır” – Bugünkü şiddət olayına REAKSİYAbackend

"İnsanların rəyləri onların yaşadığı həyat tərzi ilə bağlıdır" - Bugünkü şiddət olayına REAKSİYA

Bu gün demək olar ki, bütün media və sosial şəbəkələr sevgilisi tərəfindən döyülən Razi Əliyevadan yazdı, onun şiddətə məruz qalmasını qınayaraq hadisəni pislədi. Təbii ki, bir insanın, xüsusən də qadının şiddətə məruz qalması olduqca pis əməldir və kimliyindən asılı olmayaraq bunu törədən şəxs mütləq cəzalanmalıdır. Lakin bəzən sosial şəbəkələrdə şiddəti qınayan, məsələnin mahiyyətindən xəbərdar olmayan insanlar öz qohumlarında, qonşularında və ətraflarında baş verən hadisələrə göz yumurlar və heç bir reaksiya sərgiləmirlər. Belə olan halda sosial şəbəkələrdə özünü “qəhrəman” obrazında göstərən şəxslərin çoxluğu sual doğurur. Bəs görəsən, bu cür məsələlərin mediaya çıxarılması, ictimailəşdirilməsi nə dərəcədə düzgündür? Ümumiyyətlə, cəmiyyət bu kimi məsələlərdə necə davranmalıdır? 

Mövzunu KONKRET.az-a şərh edən psixoloq Gülər Məmmədova bildirib ki, kimliyindən və cəmiyyətdəki statusundan asılı olmayaraq şəxslər arasında konfliktlər hər zaman mövcud olub: “Bu konfliktli situasiyalara hər kəs özünəməxsus şəkildə reaksiya verir. Kimisi psixoloji, kimisi də fiziki şiddət tətbiq edir. Əgər sözügedən proseslər tanınmışların həyatında baş verirsə və bu, işıqlandırılırsa, o zaman həmin görüntüləri izləyən müxtəlif təbəqəli insanlar hadisələrə özünəməxsus formada rəy bildirirlər. İnsanların bu rəyləri əslində onların yaşadığı həyat tərzi ilə bağlı olur. Kimisi boşluğundan, kimisi edə bilmədiyi davranışlardan, kimisi də ağlına gələnlərdən fikir bildirir. Qınayıcı fikirlər insanların beyninin daha çox hissəsini əhatə edir. Yəni cəmiyyət daha çox mühakimə etməyə, qınamağa  meyllidir”.

Şəkilin açıqlaması yoxdur.

Psixoloqun sözlərinə görə, əslində iki şəxs arasında baş verən konfliktə kənardan rəy verməyə bizim ixtiyarımız yoxdur: “Çünki kənarda nələrin baş verdiyindən, tərəflərin psixoloji durumunun hansı səviyyədə olmasından xəbərsizik. İnsanlar isə sadəcə görüntülərə uyğun olaraq öz prizmasından yanaşmağı sevir. Amma hər kəs öz işi ilə məşğul olsa, bu, daha məqsədəuyğun sayılar. Təəssüf ki, bəzi insanlar belə məsələlərdə daha aktiv olurlar və proseslərə fikir bildirməyi sevirlər. Ya kimdənsə heyf çıxmaq, ya kiməsə söz eşitdirmək, ya da edə bilmədiyi davranışlara görə bu cür addım atırlar. Bəzən isə sadəcə olaraq özünü təsdiq edə bilməyən şəxslər boşluqdan bu cür reaksiya sərgiləyirlər. Amma elə insanlar da var ki, daha vacib işlərlə məşğuldurlar və onlar öz boşluqlarını bununla doldururlar”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*