“Apple”-ın sentyabr ayında təqdim etməyə hazırlaşdığı “iPhone 18 Pro”seriyası və ilk qatlanan “iPhone”modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumatlara görə, yeni modellərin rəng seçimləri artıq bəlli olub.
KONKRET.az xəbər verir ki, iddialara əsasən, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində əvvəlki nəsildəki Kosmik Narıncı rəngini “Tünd Albalı” adlı yeni rəng əvəz edəcək. Qırmızı və bənövşəyi tonların qarışığından ibarət olacaq bu rəng seriyanın əsas yeniliklərindən biri kimi göstərilir.
Bundan əlavə, smartfonların Gümüşü, Tünd Boz və Açıq Mavi rənglərdə də satışa çıxarılacağı bildirilir.
Yeni modellərdə arxa şüşə panel ilə alüminium çərçivə arasındakı rəng fərqinin azaldılacağı və bunun sayəsində daha bütöv, vahid dizayn yaradılacağı gözlənilir.
“Apple”-ın 2 min dollardan baha qiymətə satışa çıxarması gözlənilən ilk qatlanan “iPhone” modelinin isə Ağ, Gümüşü və Tünd Mavi rənglərdə təqdim ediləcəyi iddia olunur.
Premium seqmentə aid edilən bu modeldə “Apple”-ın daha klassik rəng seçimlərinə üstünlük verəcəyi bildirilir.
Şirkətin “iPhone 18 Pro” seriyası və qatlanan “iPhone” modelini sentyabrın 9-u həftəsində təqdim edəcəyi, satışların isə sentyabrın 18-də başlayacağı gözlənilir.
Standart “iPhone 18”, “iPhone 18e” və “iPhone Air 2” modellərinin təqdimatının isə 2027-ci ilin yazına təxirə salınacağı iddia edilir.
