Dubayda baş verən son insidentlərdən sonra şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar arasında ciddi narahatlıq yaranıb.
Məlumatlara görə, İran tərəfindən atıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının zərbələrindən sonra şəhərin müxtəlif ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilib.
KONKRET.az xəbər verir ki, Dubayda oxuyan azərbaycanlı tələbələr də daxil olmaqla bir çox vətəndaş şəhəri tərk etmək üçün yollar axtarır.
Saytımıza verilən məlumata görə, məlumatlarda hava limanlarında və quru yollarında sıxlıq yarandığı, bəzi şəxslərin isə alternativ marşrutlar axtardığı bildirilir.
Bundan başqa qeyd edək ki, hazırda rəsmi qurumlar tərəfindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı hər hansı açıqlama verilməyib.
KONKRET.az bildirir ki, regionda davam edən hərbi qarşıdurma fonunda Dubayda yaşayan xarici vətəndaşlar arasında təşvişin artdığı müşahidə olunur.
Son məlumatlara əsasən, İranın endirdiyi zərbələr nəticəsində bir neçə nəfər yaralanıb, 1 nəfər isə həyatını itirilib. Həyatını itirən şəxsin ərəb əsilli olduğu qeyd edilir.
