“İran ordusunun yarıdan çoxu türklərdir və Azərbaycan üçün canlarından keçməyə hazırdırlar” – Cümşüd Nuriyevbackend

“İran ordusunun yarıdan çoxu türklərdir və Azərbaycan üçün canlarından keçməyə hazırdırlar” - Cümşüd Nuriyev

İran Azərbaycan ordusunun Qarabağda qazandığı şanlı qələbəyə kölgə salmağa və düşmənçilik mövqeyini açıq şəkildə biruzə verməyə davam edir. İranın Ali dini lideri Seyid Əli Xameninin təhdid xarakterli açıqlamasından sonra, yenidən ruhlanan İran rəsmiləri ermənipərəst mövqelərini nümayiş etdirməyə davam edirlər. Hətta İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ermənistanın xarici işlər naziri Mirzoyanın görüşündə bu məsələ öz əksini elə geniş şəkildə tapıb ki, Mirzoyan İranın dostluq mövqeyinə görə, Abdullahiana təşəkkür etməkdən yorulmayıb. Görünür, İran demək olar ki, bütün müstəvilərdə öz qorxusunu biruzə verməyə başlayıb. Azərbaycanın Türkiyə, Paksitan və İsraillə münasibətlərindəki yaxınlıq Tehran üçün elə bir cəhənnəmə çevrilib ki, qorxuya düçar olan kim varsa təhdid dolu açıqlama verməyə başlayıb.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Ermənistan ərazisinə iddiası olmadığını dəfələrlə bəyan edib və İrəvandan da torpaqlarına iddiadan əl çəkməyi tələb edib. Buna baxmayaraq, Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistan Azərbaycanı “təcavüzkarlıqda” ittiham edir. İran isə Qarabağın 30 ilə işğalda qaldığı müddət ərzində bir dəfə belə, işğalçı Ermənistan rejimini qorumaq üçün göstərdiyi səyləri müsəlman Azərbaycan əhalisi üçün göstərməyib. Çünki bu işğalı dəstəkləyən və Ermənistana hər cür yardım edən başlıca ölkələrdən biri elə İran olub.

Bütün bunların fonunda, yəni, İranda Azərbaycan əleyhinə kampaniyaların aparıldığı bir zamanda Prezident İlham Əliyev dövlət başçısı kimi birbaşa İranla sərhəddən, Cəbrayıldan elə İrana layiqli mesaj verdi. İlham Əliyev siyasi simvolik məna tutumuna malik Araz çayı sahilindən İrana səsləndi və Tehranın İsraillə bağlı məqamlarda Bakıya qarşı əsassız iddialarından əl çəkməsini vurğuladı. Ölkə başçısı Araz çayı sahilindən, arxa fonda “Qarabağ Azərbaycandır” yazısı olan ərazidən İsrail istehsalı olan “Harop”la foto çəkdirdi və bununla da İranın hədələyici təlimlərinə cavab olaraq Azərbaycan ordusunda müasir silahların olduğuna diqqət çəkdi.

Prosesləri KONKRET.az-a dəyərləndirən istiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev İranın verdiyi bəyanatların Prezidentin çxışından sonra daha da qəliz və aqressiv həddə çatdığını bildirib:

“Əgər İran əvvəlki bəyanatlarda ümumi məsələlərə toxunurdusa, sonrakı bəyanatlarda daha çox hədələyici tonda danışmağa başladı və Azərbaycanı nəinki hədələdi, hətta biraz da həddini aşdı. Yəni, bir növ Azərbaycanda “sionist rejimi”ə meylin olduğunu gündəmə gətirməklə, həm də başqa bir məsələni: guya, “sionsit rejim”lə bərabər, Azərbaycanda terrorçuların olması məsələsini də gündəmə gətirməyə çalışdı. Çünki İranın əsas məqsədi Ermənistanın qeyd elədiyi kimi, guya Azərbaycan ərazisində Suriyadan gəlmiş muzdluların döyüşdüyünü göstərmək və Azərbaycanı dünyaya terror dövləti kimi tanıtmaqdır. Amma İran öz tarixini araşdırsa, görər ki, İran tarixən terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkə olub. 12-ci, 13-cü əsrlərdən bu günə dünya tarixində İranın törətdiyi terror aktları kifayət qədər məlumdur. İranın “Əl-Qüdsi” adında böyük bir terror qurupu da var ki, bu terror quruplaşması dünyanın hər yerində ancaq sifarişlə qətliamlar törətməklə məşğuldur. Bunu da hər halda İran rəsmiləri bilməmiş olmazlar.”-deyə, ekspert vurğulayıb.

O, İranın yeni xarici işlər nazirinin kifayət qədər qeyri-peşəkar olduğuna da diqqət çəkib:

“İranın əvvəlki xarici işlər naziri Məhəmməd Cavad Zərif peşəkar diplomat idi. İndiki nazir isə həddən artıq diplomatiyadan uzaq, öz kinini qusan, küdurətini gündəmə gətirən, nifrətini açıq şəkildə biruzə verən bir insandır. Belə adam isə ancaq separatçı ola bilər, nəinki diplomat. Çünki belə adamlara diplomat demək mümkün deyil. Amma təəssüf olunan başqa bir hal da var ki, İranın Ali dini lideri Xamenei milliyətcə Azərbaycan türkü olduğu halda, Azərbaycanı təhdid edir. Düzdür, ola bilər ki, İranın dövlət maraqlarını qorumaq üçün belə danışır, amma Azərbaycanı təhdid edir və böhtan atır ki, guya Azərbaycan öz təhlükəsizliyini başqa dövlətlərin hesabına təmin edir. Bu, onun şəxsi problemidir, amma Azərbaycana şillə vurmaqla təhdid etmək, İranın başı üçün deyil”.

“1980-ci illərdə İran əhalisi ondan qat-qat az olan İraqın qarşısında aciz qalmışdı. İranın bütün qərb hissəsi, Kirman vilayəti işğal altında idi və uzun müddət İran İraqa heç nə edə bilmədi. Ona görə də, İran fikirləşməsin ki, Azərbaycanı təhdid edə bilər. Azərbaycanın isə bu məsələlərdə terrorçulara ehtiyacı yoxdur. Çünki Azərbaycan Silahlı Qüvvələrinin sayı təkcə 120 min nəfərdir və əgər hərbi çağırış elan edilsə, Azərbaycanda minimum 700 min adam yığıla bilər. Azərbaycana hər hansı təhlükə olarsa, Azərbaycanın 1 milyon 200 min hərbi mükəlləfiyyətli əsgərləri olacaq”-müsahibimiz əlavə edib.

Nuriyev sonda maraqlı bir faktda da toxunub: “İran heç də fikirləşməsin ki, onun ordususun hamısı farslardır, əksinə ordunun yarıdan çoxu türklərdir və onların da əksəriyyəti Azərbaycanı sevir, Azərbaycan üçün canlarından keçməyə belə, hazırdırlar. Yəni, İranın istər xarici işlər naziri, istərsə də Ali din liderinin verdiyi bəyanatlar İran dövlətinə başucalığı gətirmir, əksinə, bu bəyanatlar diplomatiyadan çox uzaqdır və daha çox uşaqcasına atılmış addımlardır. Çünki təhdid diliylə hədə-qorxu gəlmək, həmin dövlətin zəifliyinə dəlalət edir. Amma İran anlamalıdır ki, qarşısındakı Azərbaycandır”.

Mərahim Nəsib

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*