İran PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edir – ŞƏRHbackend

İran PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edir – ŞƏRH

Türkiyənin regionda və dünyada qlobal gücə çevrilməsi dostlarını sevindirməklə yanaşı, bəzilərinin yuxularına haram qatır. Qardaş ölkənin regionda apardığı uğurlu siyasətinə mane olmaq və onu zəiflətmək istəyənlərin sayı çoxdur. Bunlardan biri də İrandır.

Belə ki, İranın İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin rəisi Hüseyn Taibin qardaşı, mühafizəkar siyasətçi Mehdi Taib İraqdakı Türkiyə mövqelərinin atəşə tutulmasının arxasında İranın olduğunu açıqlayıb. Onun yayımlanan səs yazısında Türkiyənin Suriya və İraqda terrora qarşı apardığı hərbi əməliyyatları tənqid etdiyi məlum olub. İran lideri Əli Xamaneiyə yaxınlığı ilə tanınan Taib tamaşaçıların birinin “İraq Türkiyəni vurdu” sözlərinə cavab olaraq “İraq deyil, bizik” deyə cavab verib.

Mehdi Taibin bu açıqlaması nə dərəcədə doğrudur? Onun bu fikirləri iki dövlət arasında münasibətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, Türkiyə və İran Orta Şərqdə bir-birinə rəqib olan ölkələrdir:

“Türkiyə-İran münasibətləri heç vaxt hamar olmayıb. İki ölkə rəhbərliyi münasibətlərin inkişafı ilə bağlı zaman-zaman açıqlamalar verir. Lakin hamıya məlumdur ki, Türkiyə və İran Orta Şərqdə bir-birinə rəqib olan ölkələrdir. Hər iki ölkə regionda öz təsir sferasını genişləndirməyə çalışır. Bu mənada İran və Türkiyənin maraqları İraq da daxil olmaqla toqquşur. İranın PKK-nın terror təşkilatı ilə gizli əlaqələri heç kimə sirr deyil. Bu barədə Türkiyə mediasında da müxtəlif dövrlərdə məlumatlar yayımlanıb. İki ölkə arasında əslində heç vaxt qarşılıqlı etimada və güvənə əsaslanan münasibətlər mövcud olmayıb. İran hər nə qədər kürd separatizmindən əziyyət çəksə də əslində PKK-nın bölgədə mövcud olmasında hər zaman maraqlı olub. Çünki İran zaman-zaman PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edib”.

 

Politoloqun fikrincə, Mehdi Taibin bu açıqlaması tərəflər arasında gərginliyə səbəb ola bilər:

“İran İnqilab Keşikçiləri Korpusu kimi radikal dövlət orqanı rəsmisinin belə bir bəyanat səsləndirməsi əslində sürpriz deyil. Şübhəsiz ki, bu, Türkiyə üçün qəbulolunmaz bir məsələdir. Yəqin ki, qardaş ölkə məsələyə öz etirazını bildirəcək. Əgər İranın siyasi rəhbərliyi Mehdi Taibin bu mövqeyini dəstəkləyərsə, münasibətlərin soyuqlaşmasına səbəb olacaq. Lakin qeyd etdiyim kimi, son illər Türkiyə-İran münasibətləri bu formada inkişaf edir. Qarşılıqlı etimad olmadan və rəqabətin gücləndiyi bir şəraitdə dövlətlərarası münasibətlər bəzən isti, bəzən soyuq formada davam edib. Hesab edirəm ki, qeyri-sabit münasibətlər qarşıdakı illərdə də davam edəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*