İran rialının ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Manat üçün təhlükə varmı?backend

İran rialının ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Manat üçün təhlükə varmı?

İranda milli valyutanın – rialın ABŞ dolları qarşısında kəskin ucuzlaşması regionun iqtisadi gündəmində əsas mövzulardan birinə çevrilib. Valyuta böhranının dərinləşməsi təkcə İran iqtisadiyyatına deyil, qonşu ölkələrlə ticarət əlaqələrinə də təsir göstərir. Bu proses fonunda Azərbaycanın İranla ticarət dövriyyəsi, sərhədyanı bölgələrdə qiymətlərin dəyişməsi və manatın məzənnəsinə mümkün təsirlər barədə suallar yaranır.

Bəs rialın dəyər itirməsi Azərbaycan iqtisadiyyatı üçün real təhlükə yaradırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, rialın kəskin ucuzlaşması Azərbaycan üçün həm müəyyən imkanlar, həm də dolayı risklər yaradır.

Bu hadisə məhsul bazarında qıtlıq yarada bilər | KONKRET

İqtisadçının sözlərinə görə, rialın dəyərdən düşməsinin Azərbaycan manatına birbaşa və ciddi mənfi təsir göstərməsi gözlənilmir.

“Rialın dəyər itirməsi İran mallarının Azərbaycan üçün daha ucuzlaşmasına səbəb olur. Bu baxımdan İran mənşəli ərzaq məhsulları, tikinti materialları, məişət malları və digər məhsulların Azərbaycana idxalı arta bilər. Keçmiş dövrlərə nəzər salsaq, görərik ki, rialın dəyər itirdiyi mərhələlərdə də İrandan Azərbaycana idxalın genişlənməsi üçün müəyyən imkanlar yaranıb”, – deyə iqtisadçı vurğulayıb.

Lakin prosesin Azərbaycanın İrana ixracına əks istiqamətdə təsir göstərə biləcəyi bildirilir.

“İranın həm idxalçı şirkətlərinin, həm də əhalisinin alıcılıq qabiliyyətinin azalması Azərbaycan məhsullarına və ümumilikdə İranın idxal etdiyi mallara tələbi zəiflədə bilər. Belə olan halda iki ölkə arasındakı ticarət dövriyyəsində müəyyən dəyişikliklərin baş verməsi mümkündür. 2026-cı ilin ilk yarısında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 312 milyon dollara çatıb. Rialın daha da dəyər itirməsi halında Azərbaycana idxal arta, ixrac isə müəyyən qədər azala bilər”, – Razi Abbasbəyli qeyd edib.

İqtisadçının sözlərinə görə, İran rialının ucuzlaşmasının Azərbaycan manatına təsiri ilə bağlı ciddi narahatlıq üçün əsas yoxdur. Bunun başlıca səbəbləri manatın ABŞ dollarına bağlı məzənnə rejimi və ölkənin yüksək strateji valyuta ehtiyatlarıdır.

“Manatın məzənnəsi ABŞ dollarına sabitləşdirilmiş rejim əsasında formalaşır. Eyni zamanda Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksək səviyyədədir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard dollardan çoxdur. Bu ehtiyatların mövcudluğu rialın ucuzlaşması fonunda manatın dəyər itirməsi və devalvasiya ilə bağlı narahatlıqları əhəmiyyətli dərəcədə azaldır”, – deyə ekspert bildirib.

Bununla belə, Razi Abbasbəyli hesab edir ki, əsas risk birbaşa valyuta bazarında deyil, regional iqtisadi sabitlikdə özünü göstərə bilər.

“Dolayı risklər var. Əsas təhlükə regional iqtisadi sabitliklə bağlıdır. İranda inflyasiyanın yüksək olması, valyuta böhranının dərinləşməsi və rialın son illərin ən ciddi dəyər itkisi ilə üzləşməsi logistika və tranzit xətlərində gecikmələrə, müəyyən ləngimələrə və bəzi marşrutların fəaliyyətində problemlərə səbəb ola bilər”, – deyə iqtisadçı əlavə edib.

Beləliklə, İran rialının ucuzlaşması yaxın perspektivdə Azərbaycan manatının məzənnəsi üçün birbaşa təhlükə yaratmasa da, iki ölkə arasındakı ticarət əlaqələrinə və regional iqtisadi proseslərə təsir göstərə bilər. İrandan Azərbaycana idxalın artması ehtimalı fonunda Azərbaycan məhsullarının İran bazarındakı rəqabət imkanlarının zəifləməsi, həmçinin sərhədyanı ticarət və logistika xətlərində mümkün dəyişikliklər diqqətdə saxlanılmalı əsas məsələlərdəndir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*