“İranda dolların rekord səviyyədə bahalaşması, yəni rialın kəskin ucuzlaşması birbaşa olaraq Azərbaycanda dolların məzənnəsinə ciddi təsir göstərmir. Bunun əsas səbəbi odur ki, Azərbaycanda manat sərbəst bazar valyutası deyil və Mərkəzi Bank məzənnəni sabit saxlayır. Buna görə də, İran riyalındakı dəyişikliklər avtomatik şəkildə manata keçmir”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.
“İran iqtisadiyyatındakı böhran, sanksiyalar və inflyasiya dolların rial qarşısında baha olmasına səbəb olur, amma bu, Azərbaycanın məzənnə siyasətindən asılı olmayan daxili prosesdir. Buna görə, qısa müddətdə manatın dollar qarşısında dəyər itirməsi gözlənilmir”.
Ekspert qeyd edir ki, dolayı təsirlər mümkündür:
“İranla ticarət edən bizneslər üçün qiymətlərin dəyişməsi mümkündür. Regiondakı iqtisadi gərginlik ümumi risk fonunu artırır, psixoloji təsir də yarana bilər. Amma bunlar manatın rəsmi məzənnəsinə ciddi təzyiq göstərmir.
Ümumi nəticə olaraq qeyd edək ki, İran riyalının ucuzlaşması Azərbaycanda dolların məzənnəsinə birbaşa təsir etmir və yaxın perspektivdə də ciddi dəyişiklik gözlənilmir”.
Aynurə İsmayıl
KONKRET.az

