Qətər, Türkiyə və Misirdən olan vasitəçilər İran və ABŞ arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqlar üçün çərçivə sənədi hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
Təklif olunan plana əsasən, İran üç il müddətinə uranın zənginləşdirilməsini dayandırmalı, bundan sonra isə zənginləşdirmə səviyyəsini 1,5 faizdən aşağı saxlamalı və mövcud zənginləşdirilmiş uran ehtiyatını üçüncü bir ölkəyə təhvil verməlidir.
Sənəddə, həmçinin, ballistik raketlərin istifadəsinə məhdudiyyətlərin qoyulması, regional müttəfiqlərin silahlandırılmasının dayandırılması və Tehranla Vaşinqton arasında mümkün hücum etməmək barədə razılaşmanın əldə olunması da nəzərdə tutulur.
Məlumata görə, danışıqların **Oman**da keçirilməsi gözlənilir. Görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçinin iştirak edəcəyi bildirilir.
Ekspertlərin fikrincə, bu danışıqlar İranın nüvə proqramı ilə bağlı gərginliyin azaldılması və regionda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Natiq Səlim,
KONKRET.az
