ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana qarşı hərbi əməliyyatın genişləndirilməsi ilə bağlı müxtəlif ssenariləri, o cümlədən Xark adasının ələ keçirilməsi və yeraltı nüvə obyektlərinə zərbələrin endirilməsi variantlarını nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Ağ evdə Tehranın Hörmüz boğazına nəzarətini zəiflətməyə yönəlmiş mümkün addımlar müzakirə olunur.
CNN bildirir ki, Tramp daha əvvəl yaxın günlərdə İrana qarşı daha sərt zərbələrin endirilə biləcəyini açıqlayıb. O, həmçinin İranın əsas neft ixrac mərkəzlərindən biri hesab olunan Xark adasının ələ keçirilməsi variantına maraq göstərdiyini ifadə edib.
Bununla yanaşı, ABŞ prezidenti mümkün quru əməliyyatının Amerika hərbçiləri tərəfindən deyil, üçüncü ölkələrin qüvvələri vasitəsilə həyata keçirilə biləcəyini də istisna etməyib.
“Bizim üçün quruda əməliyyat aparacaq başqa qüvvələr var”, – deyə Tramp bildirib.
Tramp eyni zamanda İranın danışıqlara hazır olması ilə bağlı fərqli mövqelər sərgiləyib. O, bu həftə Tehranın razılığa gəlmək istədiyini desə də, bir həftə əvvəl danışıqların davam etdirilməsini “vaxt itkisi” adlandırmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
