backend

"İranın regiona təsiri məhduddur, Tehran kütləni əleyhimizə çevirə bilməz" - Zərdüşt Əlizadə

“İranın regiona təsir imkanları çox məhduddur və bizim narahatçılığımıza əsas yoxdur”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə fikir səsləndirib. O bildirib ki, münaqişənin həlli barəsində Azərbaycanın və Ermənistanın fərqli fikirləri mövcuddur: “Bu fikirlər uzlaşmadığı üçün xoşagəlməz hadisələr baş verir. Tərəflərin mövqeləri üst-üstə düşənə qədər məsələ belə də davam edəcək. Mövqelərimizin uzlaşması isə Rusiya, Fransa, ABŞ, Ermənistan və Azərbaycandan asılıdır. Hərə öz oyununu apardığından ziddiyyətlər yaranır. Regiondakı oyunçular öz maraqlarını güdürlər. Amma gerçək qüvvələr nisbəti yavaş-yavaş öz təsirini göstərəcək, beynəlxalq hüquqla uzlaşmayan iddialar çıxdaş ediləcək və tərəflərin mövqeləri yaxınlaşacaq. lakin təəssüflər olsun ki, bu proses itkisiz baş verməyəcək. Mövqelərimizin yaxınlaşmasından qazanclı çıxmağımız isə Azərbaycanın mövqeyindən, dövlətin və ordunun gücündən, müttəfiqlərimizin kimliyindən, dünyadakı nüfuzumuzdan birbaşa asılıdır”.

Zərdüşt Əlizadə İranın Cənubi Qafqazdakı mövqeyi ilə bağlı sualımızı belə cavablandırıb: “İranın regionda yalnız Ermənistanla əlaqələri mövcuddur. Rəsmi Bakı diplomatik münasibətləri dondurub. Gürcüstanla münasibətlər isə aşağı səviyyədədir. Ümumiyyətlə İranın regiona təsir imkanları çox məhduddur və bizim narahatçılığımıza əsas yoxdur. İranın dini ideologiyasının cəmiyyətimizə təsirinə gəldikdə isə, deyə bilərəm ki, rəsmi Tehran böyük kütləni əleyhimizə çevirə bilməz. Din hamı üçün eynidir. Bundan qorxmaq lazım deyil. Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da dinin güclü mövqeyi var. İslam dinini isə İranla bağlamaq yanlışdır. İran və İslam başqa-başqa mövzulardır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*