İran Xarici İşlər Nazirliyinə aid məxfi sənədlərin ortaya çıxması və rəsmi Tehranın Azərbaycanla münasibətlərə yenidən baxmağa hazırlaşması haqda fikirlərin əks olunması əməlli-başlı sensasiya yaradıb. Bir çox siyasi analitiklər bu sənədlərin və orada əks olunanların doğruluğuna şübhə etməsələr də, bunu İranın oyunu adlandıranlara da rast gəlinib. Bəs görəsən, İranın belə qənaətə gəlməsinin səbəbi nədir? Münasibətlərin normallaşması mümkündürmü və bunun üçün Tehran hansı addımları atmalıdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında İranla bağlı məsələyə toxunarkən bildirdi ki, rəsmi Tehran mehriban qonşuluq siyasətini yürütmək istəyirsə, o zaman baş verən son proseslərə görə məsuliyyət daşıdığını boynuna almalı, cinayətkarları cəzalandırmalı və ədalətli qərar çıxarmalıdır. Ümumiyyətlə, İranın Azərbaycanla bağlı siyasətində dəyişiklik etməsi mütləqdir. Rəsmi Tehran bu gün Azərbaycanla münasibətdə ikili yanaşma sərgiləyir. Yəni bir tərəfdən “Azərbaycanla dost-qardaş dövlətik” deyir, digər tərəfdən isə Ermənistanı dəstəkləyir. Yaxud Azərbaycanın daxilində özünə bağlı olan bəzi radikal qruplaşmaları dövlətimizin əleyhinə yönəltməyə çalışır. Belə olan halda iki ölkə arasında münasibətlər heç vaxt normallaşmayacaq”.
![]()
Politoloq əlavə edib ki, İran Azərbaycana qarşı dürüst davranmalı və ölkəmizi qondarma məsələlərdə ittiham etməməlidir: “Rəsmi Bakı əvvəldən bəyan edib ki, qonşu dövlətə qarşı öz ərazisindən istifadə olunmasına imkan verməyəcək. Buna rəğmən Azərbaycanın İsraillə münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İshaq Hersoqun Azərbaycana səfəri ikili əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bütün bunların fonunda görünən odur ki, İranın Azərbaycanla bağlı siyasətində müsbət meyllər hiss edilir. Amma bunun səmimi olduğuna inanmıram. Hesab edirəm ki, bu, münasibəti düzəltmək xətrinə oynanılan bir oyundur. Amma Azərbaycanın da öz şərtləri var. Belə ki, Tehrandakı səfirliyimizə edilən hücuma görə terrorçu ciddi şəkildə cəzalandırılmalıdır, həm də bu prosesi təşkil edənlər aşkara çıxarılmalıdır. Üstəlik, deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdinin təşkilatçıları və iştirakçıları ortaya çıxmalıdır. İran bu məsələləri araşdırmasa və ortaya nəticə qoymasa, o zaman Azərbaycanla münasibətlər normallaşmayacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
