Bəzən əməkdaşlar iş saatı bitdikdən sonra da çalışmağa məcbur edilir. Maraqlıdır ki, bu zaman gördükləri əlavə işə görə onlara hər hansı ödəniş edilmir.
Taleh Süleymanov (ad, soyad şərtidir) da eyni problemlə qarşılaşıb. O, bildirir ki, hazırda işlədiyi qurumda 4 ildir rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərir, maaşı aylıq 160 saatdan hesablanır. Lakin vətəndaş ayda 220 saatdan çox işlədiyini, əlavə işlədiyi saata görə əziyyəthaqqı almadığını deyir.
Maraqlıdır, belə halla qarşılaşan vətəndaşlar nə etməlidir?
Mövzu ilə bağlı KONKRET.az açıqlama verən hüquqşünas Sahib Məmmədov qeyd edib ki, qanunvericiliyin tələblərinə görə, Azərbaycanda aylıq iş vaxtı 167 saatdan çox ola bilməz:
“Əgər iş vaxtı həftədə 40, aylıq 167 saatı keçirsə, bu illik balansda nizamlanmalıdır. Qanunvericiliyin tələbinə görə, sadə dillə desək, vətəndaşın işlədiyi dövr ərzində hər əlavə iş vaxtı üçün 2 qat ödəniş edilməlidir. Bunun edilməməsi qanunsuzdur”.
Onun sözlərinə görə, iş vaxtından artıq işlədilsə də, əlavə ödəniş almayanlar Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə, məhkəmə iddiası qaldıra bilərlər:
“Lakin belə olduğu təqdirdə, onun işəgötürən ilə münasibətləri pozulacaq. İşəgötürən şəxsi təqib edəcək və bir bəhanə ilə əmək müqaviləsinə xitam verəcək. Bu amilləri də nəzərə almaq lazımdır”.
Aygün Mirakif,
KONKRET.az