İsrail hakimiyyəti İranın regionun bəzi ölkələrində yəhudi dövlətinin vətəndaşlarına qarşı hücum təşkil edə biləcəyini istisna etmir.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya cümə günü “The Times of Israel” nəşrində yer alıb.
Bu cür qorxular İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) polkovniki Həsən Sayad Xodainin öldürülməsi və İsrailin bu işdə iştirakı ilə bağlı mediaya sızdırılan məlumatlarla bağlıdır. İnformasiyanı çərşənbə günü “The New York Times” qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadən yayıb.
“The Times of Israel”in yazdığına görə, İsrail hökumətinin yüksək vəzifəli rəsmiləri və müdafiə nazirlikləri bir neçə məsləhətləşmələr keçiriblər və bu məsləhətləşmələrdə təhlükənin səviyyəsi müzakirə olunub. Gözlənilir ki, yaxın vaxtlarda hakimiyyət hansısa şəkildə vətəndaşlara İranla həmsərhəd ölkələrə səyahətlə bağlı göstəriş verə bilər, lakin hələlik rəsmi xəbərdarlıq etməyi planlaşdırmırlar. Ehtimal olunur ki, risk zonasına BƏƏ, Bəhreyn, Azərbaycan və çox güman ki, Türkiyə də daxil olacaq. Qəzet qeyd edir ki, hazırda konkret təhdidlərlə bağlı kəşfiyyat məlumatı yoxdur, lakin hakimiyyət israillilərə İranla həmsərhəd ölkələrə, xüsusən də vətəndaşlarının olduğu BƏƏ və Bəhreynə səyahət edərkən daha diqqətli olmağı tövsiyə edəcək.
Xatırladaq ki, mayın 22-də naməlum şəxslər Tehranın şərqindəki xiyabanlardan birində evinə gedən Xodainin avtomobilinə atəş açıb. Hücumda motosikletdə olan iki nəfər iştirak edib. Onlar polkovnikə beş dəfə atəş açıblar. İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti hadisəni terror aktı adlandırıb. İran prezidenti İbrahim Rəisi bazar ertəsi bildirib ki, ölkə hakimiyyəti polkovnikin öldürülməsinə görə qisas alacaq.
KONKRET.az,
Roman Göytürk
