“İstanbul böyük və dağıdıcı zəlzələ riski altındadır” – Beynəlxalq mütəxəssislərdən PROQNOZbackend

"İstanbul böyük və dağıdıcı zəlzələ riski altındadır” – Beynəlxalq mütəxəssislərdən PROQNOZ

Xarici mütəxəssislər Kahramanmaraşda böyük itkilərə səbəb olan zəlzələləri araşdırmağa davam edir. Belə ki, bəzi ekspertlər Yaponiyada baş verən 9,1 bal gücündə zəlzələni xatırlatsalar da, bir çoxları bunu 2019-cu ildə Kaliforniya və 2008-ci ildə Çində baş vermiş zəlzələlərlə müqayisə edirlər.

Maraş zəlzələləri 2008 Çin və 2019 Kaliforniya zəlzələlərinə bənzəyir

Kahramanmaraşın Pazarcık rayonunda 7,7 və 7,6 bal gücündə zəlzələ qeydə alındığı halda, Qaziantepdə 6,4 və 6,5 ballıq iki zəlzələ baş verib. Saatlar və günlər irəlilədikcə Türkiyənin hansı fəlakətlə üzləşdiyinin təfərrüatı daha da aydınlaşır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər baş verən zəlzələləri çox yüksək intensivliklə şərh edir. Bəzi ekspertlərə görə, Yaponiyada qeydə alınan 9,1 bal gücündə zəlzələ ilə müqayisədə Kahramanmaraşda baş verən zəlzələda daha çox enerji buraxılıb. İspaniyanın Elmi Araşdırmalar İnstitutunun seysmoloqu Jordi Diaz Kahramanmaraş mərkəzli zəlzələlərin daha çox dağıdıcı olduğunu deyib. Diaz 2011-ci ildə Yaponiyada 9,1 bal gücündə zəlzələ olduğunu xatırladaraq, Türkiyədəki zəlzələdə sərbəst buraxılan enerjinin miqdarının bundan 30 dəfə çox olduğunu açıqlayıb.

Mümkün İstanbul zəlzələsindən danışan Diaz, “İstanbul böyük və dağıdıcı zəlzələ riski altında olan bir yerdir. İstanbul çox açıq bir təhlükə zonasıdır, lakin Tokio, Los Anceles, San Fransiskoda da böyük zəlzələlər var. Risk  mövcuddur, ona görə də zəlzələyə davamlı yeni binalar tikmək, maddi-texniki dəstəyi gücləndirmək və xilasetmə qruplarını hazır vəziyyətə gətirmək lazımdır” – deyə bildirib.

“2008-ci il Çin zəlzələsi”

“Witwatersrand” Universitetinin Yer Elmləri üzrə professoru və Cənubi Afrika Qazma, Zəlzələ və Mədən Seysmologiyası Tədqiqatının rəhbəri. Dr. Raymond Durrheim Kahramanmaraşdakı iki zəlzələnin bir-birinə yaxın və qısa fasilələrlə baş verməsini “fövqəladə” hal adlandırıb. Zəlzələlərin yer səthindəki plitələrin hərəkəti ilə baş verdiyini qeyd edən Durrheim, “Burada şimala doğru hərəkət edən Afrika plitəsinin Ərəb plitəsinə çarpdığını və onu Avrasiya plitəsinə itələdiyini gördük”, – deyə vurğulayıb.

Durrheim Türkiyədə baş verən faciəni 2008-ci ildə Çində qeydə alınan və 85 mindən çox insanın həyatına son qoyan Siçuan zəlzələsinə bənzədib. Hindistan plitəsinin Avrasiyaya sürüşməsi ilə təxminən 19 kilometr yerin altında meydana gələn 8 bal gücündə bu zəlzələnin 300 kilometr uzunluğunda qırılmaya səbəb olduğunu ifadə edən Durrheim, bu baxımdan Türkiyədəki zəlzələ ilə oxşarlıqların olduğunu dilə gətirib.

Jordi Diaz

London Kollecində (UCL) zəlzələ mühəndisliyi sahəsində çalışan professor Tizian Rossetto Kahramanmaraş bölgəsinin seysmik xüsusiyyətlərini bildiklərini açıqlayıb: “Ancaq bu, çox böyük bir zəlzələdir. Əslində, birinci böyük zəlzələ Şərqi Anadolu qırılma xəttində ikinci böyük zəlzələnin baş verməsinə səbəb oldu. Halbuki biz artıq böyük bir zəlzələni qeydə almışdıq. Dağıdıcı xüsusiyyətləri olan ikinci böyük zəlzələ bunun ardınca baş verdi. Bu, çox rast gəlinən bir vəziyyət deyil”.

“E nerjinin yığıldığı bir qırılma xəttini kiçik bir enerji ilə qırmaq olar. Enerji və yer silkələnməsi ilə müşahidə edilən birinci zəlzələ ikinci qırılma xəttinin qopmasına səbəb olub. Yəqin ki, birinci qırılma xətti müəyyən mənada qırılmağa yaxın olub və ikinci zəlzələnin yaranması ilə nəticələnib”, – deyə Rossetto deyib.

Prof. Dr. Raymond Durrheim

“BU ZƏLZƏLƏLƏR MƏNƏ KALİFORNİYA ZƏLZƏLƏSİNİ XATIRLATDI”

ABŞ-ın Şimal-Qərb Universitetinin seysmoloqu və geofiziki Suzan Van Der Li isə Türkiyədə baş verən zəlzələləri belə xarakterizə edib: “Yer səthinə çox yaxın və bir çox şəhərləri əhatə edən bu böyüklükdə zəlzələlər dramatik nəticələrə səbəb ola bilər. Gördüyünüz kimi, bu, dağıdıcı və qorxuncdur”.

24 saat ərzində iki böyük zəlzələnin baş verməsinin normal olmadığını deyən Li, əsas zəlzələdən sonra ardıcıl təkanların yaşanmasının normallığını dilə gətirib. Li Kahramanmaraşdakı zəlzələni 2019-cu ildə ABŞ-ın Kaliforniya ştatında baş verən 6,4 və 7,1 ballıq zəlzələlərlə müqayisə edib.

Suzan Van Der Lee

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*