İstanbul terrorunda Amerika barmağı və ya terrorçular Türkiyəyə necə sızıblar? – Türkiyəli ekspertlərdən ÖZƏLbackend

İstanbul terrorunda Amerika barmağı və ya terrorçular Türkiyəyə necə sızıblar? – Türkiyəli ekspertlərdən ÖZƏL

Türkiyənin İstanbul şəhərində baş verən terror aktını ilk öncə “Asala” terror təşkilatı üzərinə götürsə də, faciəni PKK terror qruplaşmasının törətdiyi məlum oldu. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamasına görə, İstanbulda baş verən terror hadisəsini PKK həyata keçirsə də hadisənin arxasında Amerika Birləşmiş Ştatları dayanır. Hadisənin törədilməsi ilə bağlı müxtəlif versiyalar da səslənir. Türkiyənin artan hərbi-siyasi nüfuzu, qarşıdan gələn seçkilərdə möcvud hakimiyyətin qələbəsinin qarşısını almaq və Türkiyəyə iqtisadi zərbə vurmaq əsas ehtimallar sırasındadır.

Bəs, bu terror nə üçün törədildi? Qarşısı əvvəlcədən niyə alınmadı? Terrorun törədilməsi ilə Türkiyəyə hansı mesajlar verildi? Həmçinin, Türkiyənin cavabı necə olacaq?

KONKRET.az bu suallar və ehtimallar ətrafında türkiyəli ekspertlərin mövqeyini öyrənib.

Tarixçi-alim, politoloq Mehmet Perinçek bildirib ki, terrorun PKK-PYD terror təşkilatları tərəfindən həyata keçirildiyi məlum olsa da, terrorun arxasında hansı gücün olması daha çox önəm daşıyır:

“Çünki PKK-PYD və ya digər terror təşkilatlarının arxasında Amerika Birləşmiş Ştatlarının dayandığı məlumdur. Onsuz da ABŞ PKK və PYD-ni açıq-aydın dəstəkləyir, silah-sursatla təmin edir, Senatda onların lehinə qərarlar qəbul edir və maddi yardımlar göstərir. Hətta, onları “qara gücümüz” olaraq təqdim edir. Sadəcə PKK-PYD deyil, İŞİD terror təşkilatının arxasında da ABŞ-ın olduğunu sabiq prezident Donald Tramp şəxsən etiraf etmiş və terror qruplaşmasını Klinton və Obamanın qurduğunu açıqlamışdı.

Ümumiyyətlə, Amerika terror təşkilatlarını qarşısında maneə olan ölkələrə qarşı istifadə edir. Bu hadisə ilə də Türkiyənin Şərqi Aralıq dənizindəki mübarizə əzmini qırmaq istəyir. Həmçinin, məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Respublikasını müşahidəçi üzv olaraq qəbul edib. Bu da təbii ki, Şərqi Aralıq dənizində balansları dəyişəcək bir həmlədir. Yəni, ABŞ Yunanıstan vasitəsi ilə Türkiyəyə güc nümayiş etdirərkən, Türk Dövlətləri Təşkiltının belə bir qərar verməsi Birləşmiş Ştatlarının əməlli-başlı narahatlığına səbəb olub”.

Tarixçi hesab edir ki, Türkiyə ilə Rusiyanın iqtisadi, enerji, həm də siyasi əməkdaşlıqlar etməsi Vaşinqtonu narahat edir:

“Bu baxımdan da terror hadisələriylə Türkiyənin əzmini qırmaq istəyir. Bununla yanaşı, ABŞ bu kimi hadisələrlə Türkiyəyə mesaj verir, böhranlı vəziyyət yaratmaq istədiyini demək istəyir. Çünki qarşıdan Türkiyədə prezident seçkiləri gəlir, belə bir xaosun olması da Amerikanın həm də Türkiyədəki seçkilərə müdaxilə etmək niyyətindən və özünün istədiyi nəticələri əldə etmək məqsədindən xəbər verir. Ancaq Türkiyənin terrorla mübarizədə kifayət qədər təcrübəsi var. Həm polisiylə, həm ordusuyla terrorun öhdəsindən gələcək gücə və təcrübəyə malikdir. Qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində də terror təşkilatlarının kökünü kəsəcək. Bu baxımdan, Türkiyənin tezliklə rəsmi Şamla əməkdaşlıq etməsi də olduqca zəruridir”.

Ehtiyatda olan general Yücel Karauz isə terror hadisəsiylə Türkiyəyə hansı mesajların verildiyinə toxunub:

“Terror təşkilatları böyük dövlətlər tərəfindən qurulan, inkişaf etdirilən və zaman-zaman müxtəlif dövlətlərə qarşı fəaliyyət göstərən qurumlardır. Yəni, terror təşkilatlarının hansı adla fəaliyyət göstərməsinin əhəmiyyəti yoxdur. Burada mühüm olan bu təşkilatların hansı ölkələrə və kimlərə xidmət etdikləridir. Bu baxımdan, İstanbuldakı terror hadisənin də niyə baş verdiyini və hansı mesajlar ehtiva etdiyinə nəzər salanda Türkiyənin mövcud siyasətindən narahat olan imperialist güclərin qəsdən belə bir addım atdıqları açıq-aydın görünür”.

“Qeyd etmək yerinə düşər ki, Türkiyə Silahlı Qüvvələri sonuncu dəfə Suriyada “Pəncə-Kilid” əməliyyatı ilə yüzlərlə terrorçunu zərərsizləşdirib, minə yaxın strateji obyekti məhv edib. Bir sözlə, Türkiyənin terrorla mübarizəsi, Şimali Kiprdəki rolu, Liviyada, Suriyada, Qafqazda aktiv fəaliyyəti, Ukrayna-Rusiya müharibəsində aparıcı söz sahibi olması və nəhayət son olaraq Türk Dövlətləri Təşkilatında uğurlu açıqlamlar və Şimali Kiprin təşkilata müşahidəçi üzv qəbul edilməsi mühüm əhəmiyyət daşıdığı üçün, kimlərisə də narahat edir. Həmçinin G-20 Zirvəsindən əvvəl Türkiyəyə belə bir mesajın verilməsini də diqqətdən qaçırmaq olmaz”, – deyə general vurğulayıb.

Onun sözlərinə görə, terrorun məhz bazar günü İstanbulun mərkəzində insanların istirahət etdiyi bir vaxtda təşkil edilməsi ciddi məna daşıyır:

“Terrorçular və sahibləri bununla ətrafda qorxu və xaos yaratmaq istəyirlər. Eyni zamanda, ölkəyə qarşı sosial, iqtisadi təxribatlar törətməyi hədəfləyirlər. Təbii ki, bunun üçün də İstanbulun seçilməsi Türkiyənin turizm bazarını da zəiflətmək məqsədi daşıyır”.

Siyasi şərhçi Engin Özer isə Türkiyənin atacağı adekvat addımlardan danışıb:

“Türkiyə bu hadisəyə cavab olaraq Suriyanın Şimalında daha bir hərbi əməliyyat həyat keçirə bilər. Çünki terrorçunun Afrindən Türkiyəyə keçdiyi bildirilir. Afrində isə YPG-nin nəzarətində olan ərazilər var ki, Türkiyə üçün strateji əhəmiyyət daşıyır və həmin bölgələrdən terrorçular Türkiyəyə sıza bilirlər. Türkiyə cavab olaraq bu bölgəni tamamilə İdlibə bağlamaq üçün addım ata bilər. Çünki bölgənin təhlükəsiziliyini tamamilə təmin edə bilmir”.

“Təbii ki, Türkiyə bunun cavabını artıqlamasıyla verəcək. Ancaq burada diqqət yetirilməsi vacib olan başqa bir məqam da var. Bu da Türkiyə Milli Kəşviyyat İdarəsinin fəaliyyətiylə bağlıdır. Yəni, dünyanın ən nüfuzlu kəşfiyyat idarələrindən sayılan Milli Kəşfiyyat İdarəsinin bu hadisənin qarşısını əvvəlcədən ala bilməməsi, daha doğrusu, xəbər tutmaması çox ciddi problemdir. Çünki dünyada ən çox turistin gəldiyi və Türkiyənin təhlükəsizliyə ən çox ehtiyacı olduğu yerdə belə bir hadisə törədilirsə, təbii ki, insanlar təhlükəsiz şəraitdə olmadıqlarını düşünə bilərlər”, – deyə analitik qeyd edib.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*