Albaniyada and içmiş bakirələr: kişiləşmiş qadınlar haqqında FAKTLARbackend

Albaniyada and içmiş bakirələr: kişiləşmiş qadınlar haqqında FAKTLAR

Albaniyada bu gün də “and içmiş bakirələr” yaşayır. Bunlar heç vaxt ailə qurmayacağına və bakirəliyini qoruyacağına and içmiş qadınlardır. Ölkənin əsasən şimal dağlıq bölgələrində yayılmış ənənəvi adət hüququna (Kanun) görə, belə and qadına kişi sosial statusu qazandırırdı və əksər qadınlar üçün əlçatmaz olan hüquqlardan istifadə etməyə imkan verirdi.

Ənənəvi cəmiyyətdə onların yeri

Patriarxal cəmiyyətdə qadınlar ailə başçısı ola bilməzdi, əmlakı kişilərlə bərabər miras ala bilməzdi. Onlara kişi geyimi geyinmək, siqaret çəkmək, spirtli içki içmək və bəzi işlərlə məşğul olmaq da qadağan idi. Qərarları kişilər verirdi, qadının taleyi isə çox vaxt atasının, qardaşlarının, sonra isə ərinin iradəsindən asılı olurdu.

Qadınlar bu yolu niyə seçirdi?

Bəziləri ailənin iradəsi ilə and içirdi. Məsələn, ailədə oğul olmadıqda, əmlakı və ailə adını qorumaq üçün qızlardan biri kişi rolunu öz üzərinə götürürdü. Digərləri isə könüllü seçim edirdi: məcburi evlilikdən yayınmaq, yaxud daha çox şəxsi azadlıq qazanmaq üçün. Qadın sevmədiyi adama ərə getməkdənsə, bu yolu seçirdi. Çünki qaçmaq ailələr arasında qan düşmənçiliyinə səbəb ola bilərdi, and isə hamı tərəfindən hörmətlə qəbul edilirdi.

Həyat tərzi

And içmiş qadın artıq kişi kimi tanınırdı. Saçını kəsir, kişi paltarı geyinir, silah gəzdirə bilər, kişilər məclisində oturur, ailə və icma məsələlərində söz sahibi olurdu. Bəzən kişi adı götürür, kişi formasında müraciət edilirdi. Qarşılığında isə ömürlük subaylıq və bakirəlik tələb olunurdu. And geri götürülmürdü və onun pozulması ciddi nüfuz itkisi sayılırdı.

Müasir dövrdə urbanizasiya, qadın hüquqlarının genişlənməsi və adət hüququnun təsirinin zəifləməsi nəticəsində bu ənənə demək olar ki, yox olub. Bu gün yalnız yaşlı nəsildən az sayda qadın qalıb və onların bir hissəsi dağlıq bölgələrdə yaşayır. Tədqiqatçılar və fotoqraflar bu adəti tarixi mədəni irs kimi sənədləşdirməyə çalışırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*