İsveçrədə neytrallığın sərtləşdirilməsi təşəbbüsü rədd edildibackend

İsveçrədə neytrallığın sərtləşdirilməsi təşəbbüsü rədd edildi

Sağ populistlərin bahalı təbliğat kampaniyasına baxmayaraq, təşəbbüs əhali tərəfindən dəstəklənmədi.

KONKRET.az xəbər verir ki, bazar günü İsveçrədə keçirilən referendumda seçicilərin 70 faizdən çoxu ölkənin neytrallıq anlayışının sərtləşdirilməsini nəzərdə tutan təşəbbüsün əleyhinə səs verib.

Referendum sağ populist qüvvələrin təşəbbüsü ilə keçirilib. Səsvermə kampaniyasını İsveçrə Xalq Partiyasının nüfuzlu simalarından biri, 85 yaşlı milyarder Kristof Bloxer fəal şəkildə dəstəkləyib. Onun “neytrallıq təşəbbüsü”nün lehinə hazırlanan təbliğat plakatlarında “Müharibəyə yox!” şüarı yer alıb.

Bloxer tərəfdarlarının təklif etdiyi modelə görə, İsveçrənin neytrallığı daha sərt şəkildə müəyyənləşdiriləcək və ölkənin BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi tədbirlər istisna olmaqla, bir sıra beynəlxalq təşəbbüslərə, o cümlədən sanksiyalara qoşulması məhdudlaşdırılacaqdı.

Belə olan halda İsveçrə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqının tətbiq etdiyi və Bernin də dəstəklədiyi sanksiyalardan imtina etməli, həmçinin NATO ilə sıx tərəfdaşlığını məhdudlaşdırmalı olacaqdı.

Təşəbbüsün məğlubiyyətə uğrayacağı ekspertlər tərəfindən əvvəlcədən proqnozlaşdırılırdı. İsveçrə mediasının məlumatına görə, Bern Xarici İşlər Nazirliyi də səsvermədən bir neçə həftə əvvəl qapalı müzakirələr zamanı belə nəticənin gözlənildiyini bildirib.

Nəticənin əvvəlcədən təxmin edilməsinə baxmayaraq, Kristof Bloxer kampaniyaya böyük vəsait yatırıb. “Berner Zeitung” qəzetinin məlumatına görə, bu məqsədlə təxminən 3,8 milyon İsveçrə frankı xərclənib.

Bu, görünür, İsveçrədə referendum kampaniyasına indiyədək bir sponsor tərəfindən ayrılmış ən böyük məbləğdir.

İsveçrə birbaşa demokratiya ənənələrinin güclü olduğu ölkələrdən biridir. Daxili siyasətlə bağlı bir çox məsələlər yerli və ya ümumxalq referendumları vasitəsilə vətəndaşların birbaşa səsverməsi ilə həll olunur.

Ölkənin 1848-ci ildən Konstitusiyada təsbit edilən neytral statusu isə İsveçrənin təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə digər dövlətlər və beynəlxalq alyanslarla əməkdaşlıq etməsinə mane olmur. Bu yanaşma İsveçrədə “əməkdaşlıq əsaslı neytrallıq” (kooperativ neytrallıq) adlandırılır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*