Janna Nemtsova beynəlxalq axtarışa verildibackend

Janna Nemtsova beynəlxalq axtarışa verildi

Rusiya hakimiyyəti Janna Nemtsovanı beynəlxalq axtarışa verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya dövlət mediası məlumat yayıb. Nemtsova bildirib ki, bundan çoxdan xəbərdardır və Boris Nemtsov Fondu mövcud risklərə baxmayaraq fəaliyyətini davam etdirir.

Sentyabrın 17-də Moskva Şəhər Məhkəməsi Nemtsovanın qiyabi həbsinə dair qərarı qüvvədə saxlayıb. Rusiya mediasının məlumatına görə, Nemtsova atasının adını daşıyan fondun “arzuolunmaz təşkilat” kimi fəaliyyətində iştirak etməkdə ittiham olunur.

Nemtsovanın özü DW-yə bildirib ki, hələ iyunun sonunda beynəlxalq axtarışa verilib:

“Qərar həbs qərarı ilə eyni vaxtda qəbul edilmişdi. Hələ iyunun 29-da beynəlxalq axtarışa verilmişdim. Görünür, bu barədə bu gün apellyasiya şikayətimə baxılan proses zamanı jurnalistlər məlumat əldə edib və bundan sonra həmin informasiyanı yayıblar”, – deyə o bildirib.

Nemtsovanın sözlərinə görə, Rusiya hakimiyyətinin bu addımı onun üçün iki məhdudiyyət yaradır: xaricdə konsulluq xidmətlərindən, məsələn, yeni Rusiya xarici pasportunun alınması imkanından məhrum olmaq və səfərlərlə bağlı məhdudiyyətlərlə üzləşmək. O, ikinci məqamı belə izah edib ki, Rusiyaya dost ölkələr onu ekstradisiya edə bilər.

“Heç nə dəyişməyəcək. Nemtsov Fondu 2024-cü ildən ‘arzuolunmaz təşkilat’dır və bu şəraitdə fəaliyyətini davam etdirir”, – deyə o bildirib.

Janna Nemtsova jurnalist və ictimai xadimdir. O, daha əvvəl DW-də çalışıb və burada “Nemtsova. Müsahibə” televiziya proqramını aparıb. Hazırda “Azadlıq uğrunda Boris Nemtsov Fondu”na rəhbərlik edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*