Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini “təxribat xarakterli addımlar” atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidən gündəmə gəlməsinə səbəb olub. Kalininqrad ətrafında baş verən proseslər fonunda tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı da müzakirə olunur.
Bəs hazırda Rusiya ilə NATO arasında birbaşa silahlı toqquşma nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Kalininqradın gələcək statusu ilə bağlı müzakirələr yeni deyil:
“Keçmiş alman torpağı olan indiki Kalininqrad II Dünya müharibəsindən sonra alman əhalisinin bölgədən köçürülməsi ilə tamamilə ruslaşdırılıb. Bununla belə, bu gün bölgədə özünü daha çox avropalı hiss edən insanların da olduğu müşahidə olunur. Kalininqradın Rusiyadan ayrılması ilə bağlı təşəbbüslərin kökü də yeni deyil. Hələ 1990-cı illərdə Kalininqradın statusunun yüksəldilməsi və gələcəkdə müstəqillik ideyasının formalaşması istiqamətində müəyyən təşəbbüslər ortaya çıxmışdı. Bir müddət Kalininqradın müstəqilliyini müdafiə edən şəxslər yerli parlamentdə təmsil olunmaq hüququ da qazanmışdılar.
Hazırda Kalininqradın müstəqilliyini müdafiə edən bəzi şəxslərin Rusiyadakı siyasi təzyiq və təqiblər səbəbindən Avropaya sığınması bu prosesin arxasında NATO-nun dayandığını göstərmir. Qərbin bu məsələyə müəyyən marağının olması ilə Kalininqrad daxilindəki proseslərin birbaşa NATO tərəfindən idarə olunması isə ayrı-ayrı məsələlərdir.
Bir tərəfdən Qərbin Rusiyanın daxili işlərinə müdaxilə etməsi və orada pozucu siyasət həyata keçirməsi, digər tərəfdən isə öz müqəddəratını təyin etmək istəyən xalqların hüquqlarının müdafiəsi var. Bunları bir-birindən fərqləndirmək lazımdır.
Kalininqradın Rusiyadan qoparılması məsələsini avtomatik olaraq Qərbin təxribatı kimi qiymətləndirmək düzgün deyil. Bu, ilk növbədə bölgədəki müəyyən qüvvələrin və insanların siyasi mövqeyi ilə bağlı məsələdir”.
Politoloq Rusiya–NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalına da toxunub. Onun sözlərinə görə, Rusiyanın NATO ilə açıq müharibəyə girmək üçün hərbi resursları hazırda kifayət qədər məhduddur:
“Rusiya son anda hansısa təxribata gedə bilər. Lakin bu gün Rusiyanın NATO ilə birbaşa qarşı-qarşıya gəlmək potensialı məhduddur. Bunun əsas səbəblərindən biri Rusiyanın hərbi resurslarının Ukrayna müharibəsi fonunda ciddi şəkildə yüklənməsidir. Rusiyanın güvəndiyi əsas güclərdən biri isə nüvə arsenalıdır”.
Taleh Əliyev qeyd edib ki, Kalininqrad ətrafında yaranan gərginliyin Rusiya ilə NATO arasında birbaşa müharibəyə çevrilməsi avtomatik proses deyil. Bunun üçün tərəflərin hərbi-siyasi qərarları və atacağı konkret addımlar həlledici olacaq.
Aynurə İsmayıl
KONKRET.az
