Azərbaycanda xüsusi karantin rejiminin müddətinin iyulun 1-dək uzadılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. İnsanların böyük əksəriyyəti bu qərarı anlamaqda çətinlik çəkdiklərini bildiriblər. Karantin rejiminin uzadılması həm də quru sərhədlərinin açılıb-açılmayacağı ilə bağlı məsələni də gündəmə gətirib. Bəs görəsən, karantin rejiminin uzadılması sərhədlərin yenə bağlı qalmasına təsir göstərəcək, yoxsa bu məsələnin birinin digərinə aidiyyatı yoxdur?
Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, dünyada karantin rejimi adı altında məhdudiyyətləri uzadan dövlət qalmayıb: “Ən son ölkə Çin idi. Onlar da yanvar ayının 8-də bütün məhdudiyyətləri aradan qaldırdılar. Azərbaycanda xüsusi karantin rejiminin saxlanılmasının, COVID-la bağlı belə bir sərt rejimin davam etdirilməsinin heç bir məntiqi izahı yoxdur. Bunun da nəticəsi olaraq quru sərhədlərinin bağlı saxlanılması ümumiyyətlə anlaşılmır. Əgər təhlükəsizliklə bağlı, yaxud başqa səbəblər varsa, bunu əhaliyə izah etməlidirlər. Amma bu kimi səbəblər də keçərli olmayacaq. Çünki dövlətimiz güclüdür, xüsusi xidmət orqanları, sərhəd qüvvələri vəziyyətə nəzarət etmək qabiliyyətinə malikdir. Odur ki, xarici təhlükələrə görə quru sərhədlərini bağlı saxlamağı doğru saymıram”.

Ekspertin sözlərinə görə, bu addım həm biznesə, həm sərhədyanı ticarətə, həm də turizmə böyük ziyan vurur: “Nazirlər Kabineti Turizm Agentliyi qarşısında yeni hədəflər qoyub. Yaxın iki ildə ölkəyə gələn turist sayının 4 milyona çatdırılması planlaşdırılır. Amma quru sərhədlərini bağlı saxlayan ölkə öz turizm hədəflərinə çata bilməz. Bu, biznesə, insanların psixoloji durumuna çox pis təsir göstərir. Çünki ətraf ölkələrdə, xüsusən də qonşu Gürcüstanda bizim yüz minlərlə soydaşımız yaşayır. Onların Azərbaycanda qohumları və yaxınları var. Bu insanların bir-biri ilə əlaqə saxlamasında ciddi problemlər yaranır. Hesab edirəm ki, bu, yanlış qərardır və anlaşılan deyil. Ümumiyyətlə, düşünürəm ki, karantin rejiminin uzadılmasının və sərhədlərin bağlı saxlanılmasının virusla əlaqəsi yoxdur”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
