Kirayə mənzillərin qiymətinə müdaxilə bazar iqtisadiyyatını sarsıda bilər – EKSPERTbackend

Kirayə mənzillərin qiymətinə müdaxilə bazar iqtisadiyyatını sarsıda bilər - EKSPERT

Rəşad Həsənov, İqtisadçı-ekspert

Yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxtda kirayə mənzillərin qiymətinin 40-50 faiz artdığı bildirilir. Regionlardan təhsil almaq üçün Bakıya gələn tələbələr bu səbəbdən mənzil tapmaqda çətinlik çəkirlər. Bəs dərslərin başlaması ilə əlaqədar mənzillərin kirayə haqqının artırılması nə dərəcədə düzgündür və mövcud vəziyyət necə tənzimlənə bilər?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, kirayə mənzillərdə qiymət artımının qarşısının alınmasının hüquqi cəhətdən heç bir yolu yoxdur.

Azərbaycanda kirayə haqları üçün tavan qiymətləri müəyyən edilməyib:

“Bu cür evlərə tavan qiymətinin tətbiqi 70-80-ci illərdə ABŞ-da həyata keçirilirdi. Nəticədə, bu sahəyə qoyulan investisiyalar azaldı və təklif qıtlığı yarandı. Bu səbəbdən kirayə evlərin qiymətlərinə dövlət səviyyəsində bir müdaxilənin edilməsi tövsiyə olunan deyil. Bənzər halları nəzərə alaraq, hökumət əlində olan müxtəlif imkanlar hesabına bu istiqamətdəki vəziyyəti nisbətən yumşalda bilər. Bu məqsədlə dövlət tərəfindən universitetlərə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutula bilər. Azərbaycanda ali təhsil infrastrukturu şaxələnməyib, bu da ölkədə təhsil müəssisələrinin təxminən 83 faizinin Bakı şəhərində cəmləşməsinə gətirib çıxarıb. Hökumət universitetlərə maliyyə dəstəyi göstərməklə onlara yataqxanalarını tikib istifadəyə vermək üçün imkanlar yaratmalıdır. Bu da kirayə evlərə olan tələbin qismən azalmasına və dolayısı ilə qiymətlərin artmamasına gətirib çıxara bilər”.

Ekspert onu da qeyd edib ki, regionlardan gələn tələbələr üçün yerləşmə xidmətlərindən istifadə məqsədilə müəyyən maliyyə dəstəyi göstərilə bilər:

“Bu metoddan bir sıra xarici ölkələr istifadə edib və nəticələri olduqca uğurludur. Azərbaycanda da bənzər formada proses həyata keçirilə bilər. Dövlət tələbələrə yerləşdirmə xidmətlərindən istifadə etdiyi halda onlara subsidiya verə bilər. Eyni zamanda, bu istiqamət üzrə özəl təşəbbüslərin də dəstəklənməsi mümkündür. Məsələn, yataqxanaların tikilib istifadəyə verilməsi işinə özəl sektorlar cəlb edilə bilər. Onlara mövcud sahədə müxtəlif güzəştli vəsaitlər ayrılması yolu ilə bu istiqamətdə təkliflərin artmasına təşfiqat aparılar. Ümumilikdə hökumət bu məsələyə bir iqtisadi proses kimi baxmalıdır, çünki təhsil özü də iqtisadiyyatın mühüm bir parametridir və əlində olan imkanlar hesabına mövcud vəziyyəti nisbətən tarazlaşdırmalıdır”.

Qiymətlərin artma səbəbinə gəlincə, Rəşad Həsənov bildirib ki, bu, tələbin yüksəlməsi ilə əlaqədardır:

“Son aylarda qiymət artımı istiqamətində ciddi bir trend formalaşıb. Kirayə mənzillərin qiymətini artıran sahibkarlar özü də istehlakçıdırlar, onların da xərcləri artdıqca öz xidmət haqlarını bahalaşdırırlar. Bu prosesə isə hər hansı müdaxilənin edilməsi bazar iqtisadiyyatının sarsıdılmasına gətirib çıxarda bilər”.

Arifə Kərimzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*