Komitələrin payız hazırlığı: Səhiyyə ilə bağlı nələr gözlənilir?backend

Komitələrin payız hazırlığı: Səhiyyə ilə bağlı nələr gözlənilir?

Sentyabr ayında Milli Məclis ənənəvi olaraq payız sessiyasına start verəcək. Aktiv müzakirələrlə keçən yaz sessiyasında bir çox qanun layihələrinin hazırlanmasının və müzakirəsinin şahidi olduq. Bunlardan ən yaddaqalanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə bağlı qanun layihəsinin qəbul olunması idi.

Eyni zamanda deyə bilərik ki, Milli Məclisin yaz sessiyası dövründə fəaliyyəti kifayət qədər məhsuldar oldu. Ali qanunverici orqanın payız sessiyasında da bir sıra mühüm layihələri müzakirəyə çıxaracağı gözlənilir.

Milli Məclisin komitələri növbəti sessiyaya necə hazırlaşır? Hansı qanunlar payız sessiyasına saxlanıldı? Payızda yeni qanunlar gözlənilirmi?

Bu dəfə Səhiyyə Komitəsinin fəaliyyət planını öyrənməyə çalışdıq.

KONKRET.az-ın məlumatına görə, Komitənin üzvü, həkim, deputat Məlahət İbrahimqızı modern.az-a bildirib ki, digər həmkarları kimi səbirsizliklə payız sessiyasını gözləyir.

O komitə iclaslarında iki əsas qanun layihəsinin müzakirəyə çıxarılmasını vacib hesab edir:

“Düşünürəm ki, payız sessiyasında Səhiyyə komitəsinin xətti ilə Ailə həkimi haqqında qanunun gündəliyə salınması və Reproduktiv sağlamlıq haqqında qanunun yenidən müzakirəsini təmin etməliyik.

Payız sessiyası bütün parlamentlərdə ağır sessiya sayılır. Çünki bu sessiyada büdcə müzakirəsi olur, iclasların çoxu buna həsr edilir. Ona görə də yaz sessiyası ilə müqayisədə payız sessiyasının vaxtı digər qanunlar üçün məhdud olur. Buna baxmayaraq, hesab edirəm ki, işçi qrup, ekspertlər və komitə iclasları səviyyəsində bu iki qanunun müzakirəsi vacibdir”.

Məlahət İbrahimqızının fikrincə, icbari tibbi sığortanın tətbiqi fonunda həyata keçirilən səhiyyə islahatlarını ailə həkiminin təsis edilməsi ilə davam etdirmək önəmlidir:

“Dünyanın inkişaf etmiş ölkələrində artıq bu mexanizm mövcuddur. Bizdə Sovet səhiyyə sistemindən qalan sahə həkimləri fəaliyyət göstərir, amma bu həkimlər ailə həkiminin 60-70 faizini ancaq təmin edə bilirlər. Bütün bunları nəzərə alaraq, sağlam ailə və vətəndaşlar üçün ailə həkimi və reproduktiv sağlamlıq haqqında qanunların gündəmə gəlməsi vacibdir. Komitə üzvləri olaraq hər iki qanun haqqında təkliflərimizi səsləndirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*