Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensiv istifadə və küləkli hava xüsusilə həssas qruplar üçün əlavə risk yaradır.
Bəs belə hava şəraitində xəstəliklərdən qorunmaq üçün hansı profilaktik tədbirlərə əməl edilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, havaların qeyri-sabit keçməsi virus infeksiyalarının yayılmasından daha çox, onlara yoluxma riskini artırır.

“Havaların qeyri-sabit olması orqanizmin temperatur dəyişikliyinə uyğunlaşmasını çətinləşdirir. Xüsusilə kondisionerdən uzun müddət və ya aşağı temperatur rejimində istifadə bədən temperaturunun qəfil dəyişməsinə səbəb olur ki, bu da immun sisteminə mənfi təsir göstərərək qrip və digər respirator infeksiyalara yoluxma riskini artırır”, – deyə həkim vurğulayıb.
Günay Lətifovanın sözlərinə görə, küləkli hava həm də allergik reaksiyaların kəskinləşməsinə şərait yaradır. Bu baxımdan allergiya, bronxial astma və digər tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər daha diqqətli olmalıdır.
Həkim profilaktik tədbir kimi kondisionerdən mümkün qədər düzgün və məhdud istifadə etməyi, bədən temperaturunu normal səviyyədə saxlamağı tövsiyə edib. O, həmçinin allergiyası olan şəxslərə həkim tərəfindən təyin edilmiş antiallergik dərmanları daim özləri ilə gəzdirməyi məsləhət görüb.
Mütəxəssis qeyd edib ki, sadə qoruyucu tədbirlərə əməl etmək həm respirator infeksiyalara yoluxma riskini, həm də mövsümi allergik şikayətlərin artmasının qarşısını almağa kömək edir.
Aynurə İsmayıl
KONKRET.az
