KONKRET.az yazdı, vətəndaşın problemi həll olundu – VİDEObackend

KONKRET.az yazdı, vətəndaşın problemi həll olundu – VİDEO

Bir neçə gün öncə redaksiyamıza müraciət edən Samux rayon Kolayir kənd sakini Nailə İsmayılova mənzilinə verilən qazın təzyiqinin çox aşağı olmasından şikayət edirdi. Vətəndaş ünvanladığı müraciətdə aprel ayından qaz üzünə həsrət qaldığını bildirirdi. N.İsmayılova dəfələrlə yerli qaz idarəsinə müraciət etsə də, heç bir nəticə hasil olmamasından narahat idi.

Amma abonentin problemi artıq öz həllini tapıb. KONKRET.az-ın məsələ ilə bağlı “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə müraciətindən sonra qurumun əməkdaşlarının operativ müdaxiləsi nəticəsində N.İsmayılovanın evinə mavi yanacağın tam verilişi bərpa olunub. Bu barədə vətəndaş özü saytımıza açıqlamasında bildirib və operativ reaksiyaya görə həm redaksiyamızın, həm də “Azəriqaz”ın əməkdaşlarına təşəkkür edib:

“Komandanıza təşəkkür edirəm. Səsimi aidiyyəti qurumlara çatdırdınız. Mən qaynar xəttə nə qədər zəng etsəm də, nəticəsi olmurdu. Amma sizin məsələ ilə bağlı araşdırmanızdan sonra problemim tam həll olundu. “Azəriqaz” əməkdaşları qaz xəttimə baxış keçirdilər və nasazlığı aradan qaldırdılar. Sizə də, idarənin əməkdaşlarına da çox təşəkkür edirəm”, – deyə vətəndaş vurğulayıb.

Qeyd edək ki, abonentin şikayəti ilə bağlı operativ reaksiya verən “Azəriqaz” rəsmisi Eldəniz Vəliyev saytımıza açıqlamasında problemin aidiyyəti üzrə yönləndiriləcəyinə və məsələnin qısa zaman ərzində öz həllini tapacağına söz vermişdi. Bu gün isə problemin öz həllini tapması və vətəndaş məmnunluğunun ifadə olunması həm media qurumu olaraq bizim, həm də işinə məsuliyyətlə yanaşan “Azəriqaz”ın uğuru kimi dəyərləndirilə bilər. Bununla belə hesab edirik ki, vətəndaşların şikayətləri media səviyyəsinə çıxarılmadan yerlərdəki məmurlar tərəfindən məsuliyyətlə həll edilsə daha məqsədəuyğun olar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*