“Hazırda bütün ölkə iki qrupa bölünüb. İnsanlar çaşqınlıq içindədirlər. Ziyalılar baş verənlərə təəccüblənir, şoka düşür, savadsız və qeyri-peşəkar insanlar isə buna sevinirlər. İstəyirəm, fikrimi hər iki tərəfdən izah edim ki, insanlar nə demək istədiyimi düzgün başa düşsünlər”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a prodüser Sultan Mustafayev deyib. O bildirib ki, Könül Xasıyeva xalqdan, xüsusilə də muğamsevərlərdən üzr istəməlidir:
“Musiqi sahəsindəki ziyalılar və peşəkarlar niyə şokdadırlar? Söhbət musiqiçilərdən gedir. Azərbaycan Respublikasının Xalq artisti fəxri adını dövlətin, cənab Prezidentin imzaladığı sənəd əsasında almış bir sənətkar bu gün gedib pivəxanada muğam oxuyur, təsnif və “Segah” ifa edir. Halbuki həmin məkan ucuz musiqilərin, əyləncənin və içki məclislərinin təşkil olunduğu yerdir. Hələ də baş verənlərin şokundayam və fikrimi ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm.
Könül Xasıyevaya bir sual vermək lazımdır: Könül xanım, sizə kim ixtiyar verib ki, Azərbaycan muğamını bu vəziyyətə salırsınız? Bəli, xalq sizi sevə bilərdi. Amma bu hadisədən sonra inanıram ki, sizi sevənlərin 50, bəlkə də 60-70 faizi artıq əvvəlki münasibətdə deyil. Şəxsən mən bir vətəndaş kimi, prodüserliyimi bir kənara qoyaraq soruşuram: sizə kim ixtiyar verib ki, Azərbaycan muğamını, xalqımızın mədəniyyət incisini belə bir məkanda təmsil edirsiniz? Bu, muğam sənətinə hörmətsizlikdir.
Bəs xaricdə yaşayan azərbaycanlılar? Onlar illərlə, aylarla əziyyət çəkir, Azərbaycan musiqisini dünyada tanıtmaq üçün təbliğat aparırlar. Mən də həmin insanlardan biriyəm. Bu, onlara qarşı hörmətsizlikdir. Xalq artisti olmağınız o demək deyil ki, istədiyinizi edə bilərsiniz”.
S. Mustafayev bildirib ki, Könül Xasıyevanın belə bir addım atacağını heç vaxt düşünməzdi:
“Mən buradan bir vətəndaş kimi Könül Xasıyevaya səslənirəm: sizə bu ixtiyarı kim verib? Üstəlik, ayın 24-də yenidən həmin məkanda çıxış edəcəyiniz bildirilir. Bu, daha da təəccüblüdür. Pivəxana musiqi və muğam təbliğatı üçün uyğun məkan deyil. İnsanlar ora əylənmək, içki içmək və vaxt keçirmək üçün gedirlər. Belə bir məkanda milli musiqimizin hansı şəkildə təqdim olunduğu ciddi suallar doğurur.
Dövlətimiz muğamın təbliği üçün bu qədər iş görür, Mədəniyyət Nazirliyi müxtəlif layihələr həyata keçirir. Buradan mədəniyyət naziri Adil Kərimova da səslənirəm: niyə bu məsələni nəzarətə götürmürsünüz? Könül Xasıyevanı dəvət edib bu addımının səbəbini soruşmaq lazımdır. İnsan ilk növbədə özünə və daşıdığı fəxri ada hörmət etməlidir.
Mən Könül Xasıyevanın belə bir addım atacağını heç vaxt düşünməzdim. Onu sənətkar, ustad hesab edirdim. Çox təəssüf. Bu hadisədən sonra onun sənətinə münasibətim dəyişib”.
