Boris Nemtsovun bir neçə müsahibəsinə baxdım. Onun həyat yolu, intellektual səviyyəsi və siyasi hadisələrə yanaşması məndə böyük təəssürat yaratdı.
Nemtsov cəmi 25 yaşında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdı. Otuz yaşına qədər onlarla elmi əsərin müəllifi olmuşdu. Belə bir elmi potensiala sahib insanın siyasətə gəlişi isə, demək olar ki, təsadüfi hadisə ilə bağlı idi.
O zaman Nijni Novqorodda atom elektrik stansiyasının tikintisi planlaşdırılırdı. Nemtsov bu layihəyə qarşı çıxdı, imza toplamağa başladı, ictimai müzakirələrdə fəal iştirak etdi. Beləcə, elmi fəaliyyətlə məşğul olan gənc alim tədricən ictimai-siyasi proseslərin ön sırasına çıxdı. 30 yaşında RSFSR xalq deputatı seçildi, 32 yaşında isə Boris Yeltsin tərəfindən Nijni Novqorod vilayətinin rəhbərliyinə gətirildi. Sonralar həmin vilayətin qubernatoru oldu.
Onun həyatında bundan sonra çox şey dəyişdi. Siyasi yüksəliş, hakimiyyət uğrunda mübarizə, böyük ümidlər və ağır qarşıdurmalar… Nəhayət, 2015-ci il fevralın 27-də Boris Nemtsov Moskvanın mərkəzində, Kreml yaxınlığındakı körpüdə qətlə yetirildi. Bu, Rusiya siyasi tarixinin ən səs-küylü və faciəli cinayətlərindən biri oldu.
Düşünürəm ki, Nemtsov kimi siyasətçilərə nadir hallarda rast gəlinir. Onu fərqləndirən təkcə yüksək intellekti deyildi. O, iti zəkaya, incə yumor hissinə, akademik biliyə, güclü xarizmaya və müəyyən mənəvi prinsiplərə sahib idi. Bu keyfiyyətlərin bir insanda birləşməsi onu həm maraqlı şəxsiyyətə, həm də fərqli siyasi fiqura çevirirdi.
Müsahibələrinin birində Nemtsova general Aleksandr Lebed, Boris Yeltsin, Vladimir Jirinovski, Dmitri Medvedev və Vladimir Putin haqqında fikirləri soruşulmuşdu. Onun cavabları olduqca maraqlı, bəzən isə ironik idi.
Aleksandr Lebed haqqında danışarkən onun cəsarətli insan olduğunu, lakin demokratiya məsələsində ifrata vardığını deyirdi. Nemtsov generalın siyasi mövqeyini yumorla tənqid edir, “general-demokrat” anlayışının özündə ziddiyyət daşıdığını vurğulayırdı.
Boris Yeltsin haqqında fikirləri isə daha fərqli idi. Nemtsovun sözlərinə görə, Yeltsin heç vaxt söyüş söyməz, heç yerə gecikməzdi. Hətta spirtli içki qəbul etdiyi vaxtlarda belə, bu qaydaları pozmazdı. Nemtsov hesab edirdi ki, insan Yeltsinin məhz bu intizamından nümunə götürə bilər. Bununla yanaşı, onun ən mühüm xüsusiyyətlərindən birini səhvlərini etiraf etmək bacarığında görürdü. Çeçenistan müharibəsi ilə bağlı yanlış qərarlarını etiraf etməsi, Nemtsovun fikrincə, güclü insanın əlaməti idi.
Vladimir Jirinovski haqqında isə qısa, lakin kifayət qədər sərt fikir bildirmişdi: onun iki problemi var – həm istedadlıdır, həm də xəstədir.
Dmitri Medvedevə münasibəti daha lakonik idi. Nemtsov onu zəif, kifayət qədər ağıllı, lakin itaətkar siyasətçi hesab edirdi.
Boris Berezovski haqqında danışarkən isə ziddiyyətli xarakteristika vermişdi: onu dahi, eyni zamanda pis və o qədər də ağıllı olmayan insan adlandırırdı. Nemtsovun məntiqinə görə, Putini prezidentliyə irəli çəkən şəxs belə bir addımın nəticələrini hesablaya bilməyəcək qədər uzaqgörən davranmışdı.
Putinlə bağlı fikirləri isə zaman keçdikcə kəskin şəkildə dəyişmişdi.
Nemtsov deyirdi ki, əvvəlcə Putinə qarşı xüsusi münasibəti olmayıb. Çünki o dövrdə Putin onun gözündə ciddi siyasi fiqur deyildi. Hamı onu Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın köməkçisi kimi tanıyırdı. Sakit, ehtiyatlı, rəhbərliyə sədaqətli məmur təsiri bağışlayırdı. Berezovski və onun ailəsi ilə münasibətlərində də diqqətli davranırdı.
Lakin “Kursk” sualtı qayığının faciəsindən sonra Nemtsovun Putinə münasibəti kəskin dəyişdi. Xüsusilə prezidentin faciə ilə bağlı “O, batdı” cavabını istehzalı təbəssümlə verməsi onu qəzəbləndirmişdi. Nemtsov dövlət başçısının həlak olan dənizçilərin ailələrinə münasibətini də qəbuledilməz hesab edirdi.
“Nord-Ost” terror aktı, Beslan faciəsi və ölkədə baş verən digər hadisələr onun hakimiyyətə qarşı tənqidlərini daha da sərtləşdirdi.
2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı və ilhaqından sonra Nemtsov Moskvada keçirilən müharibə əleyhinə mitinqdə çıxış edərək Putini kəskin tənqid etdi. Onun çıxışında səsləndirdiyi “Putin üçün Kaşşenko ağlayır” ifadəsi xüsusilə yadda qaldı. Kaşşenko Moskvada yerləşən psixiatriya xəstəxanasının adı idi.
Nemtsov həmin mitinqdə çıxış edərkən Rusiyanın Ukraynaya qarşı müharibəsinin ağır nəticələrindən danışır, rus əsgərlərinin cəsədlərinin ölkəyə tabutlarda qaytarılmasını istəmədiyini bildirirdi. Onun fikirlərinin əsas məğzi belə idi:
“Mən istəmirəm ki, Moskvaya, Yaroslavla, Nijni Novqoroda 200 nömrəli yük gəlsin, analarımız, həyat yoldaşlarımız və övladlarımız ağlasın. Mən bunu istəmirəm. Hesab edirəm ki, bizim dost ölkəyə qarşı belə davranmağa haqqımız yoxdur. Bu, alçaqlıqdır, həyasızlıqdır və ən başlıcası, Rusiyaya zərər vurur.
Uzun müddət düşündüm: Putinin belə davranmasına hansısa əsas varmı? Heç olmasa, bir arqument tapmağa çalışdım. Nəticədə ən sadə qənaətə gəldim: o, xəstə insandır. Həm də çox ağır psixoloji problemləri olan bir insandır.
Serbski İnstitutu, Kaşşenko, həkimlər, tibb bacıları, səhərdən axşama qədər iynələr… Ona lazım olan budur.
Sonra düşündüm ki, yox, məsələ təkcə xəstəlikdə deyil. O, həm də kinli və alçaq insandır. Krımın işğalı və ilhaqı əməliyyatından öz hakimiyyətini əbədi qorumaq üçün istifadə etmək istəyir.
Biz müharibəyə “yox” deməliyik! Biz bu axmaqlığa “bəsdir” deməliyik!”.
Boris Nemtsovun siyasi portreti ilə tanış olduqca bir məqam diqqət çəkir: o, yalnız hakimiyyətə qarşı çıxan müxalifətçi deyildi. Elmi təhsili, idarəçilik təcrübəsi, siyasi düşüncəsi və ictimai nüfuzu olan bir şəxs idi. Onun ən böyük xüsusiyyətlərindən biri isə mövqeyini açıq ifadə etməkdən çəkinməməsi idi.
Bəlkə də Nemtsovu fərqləndirən əsas cəhət elə bu idi: o, hakimiyyətin gücündən deyil, öz ağlından, arqumentlərindən və sözünün təsirindən istifadə edirdi. Və məhz bu mövqeyi onu Kremlin ən sərt tənqidçilərindən birinə çevirmişdi.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
