“Korrupsiya ilə bağlı məlumat verən şəxsin dövlət müdafiəsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-2-ci maddəsində nəzərdə tutulub”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a vəkil Sadiq Əfəndiyev deyib.
Onun sözlərinə görə, şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır:
“Qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat yalnız şəxsin yazılı razılığı olduqda açıqlanır.
Üstəlik, Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Xəbər verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoyma, maddi və ya mənəvi ziyan vurma, təhqir və təhdid etmə, şərəf və ya ləyaqətini alçaltma qadağandır”.
Vəkil əlavə edib ki, işçidən belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə və s. tətbiq edilə bilməz:
“Əgər qisasa dair dair dəlillər varsa, həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür”.
Sadiq Əfəndiyev qeyd edib ki, təqibə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə də müraciət edə bilər:
“Korrupsiya ilə əlaqədar məlumat verən şəxsi və ya onun yaxın qohumunu ölümlə hədələmə, yaxud əmlakının məhv ediləcəyi xəbərdarlığı halında prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanunla müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir”.
Lakin əsas məsələ budur ki, şəxsin ad-soyadı, üz cizgiləri və yaxud yaşayış yerinin dəyişdirilməsi kimi tədbirlər qanunvericilikdə nəzərdə tutulmayıb:
Qeyd edək ki, “Instagram”dakı canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib ki, qanunvericilikdə korrupsiya pozuntuları haqqında məlumat verən şəxslərin dövlət müdafiəsi var.
Onun sözlərinə görə, bu şəxslərin verdiyi məlumata görə qisas alma qadağandır: “Korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxslərə qarşı qanunvericilikdə bütün məsələlər tənzimlənib. Bu kimi hallara görə cinayət məsuliyyəti də müəyyən olunub”.
