Kreml tarixdən dərs almalıdır – PROFESSORDAN TƏFƏRRÜATLI ŞƏRHbackend

Kreml tarixdən dərs almalıdır - PROFESSORDAN TƏFƏRRÜATLI ŞƏRH

Ramazan Siracoğlu, professor

Son illər Rusiya- Ukrayna qarşıdurması kütləvi informasiya vasitələrinin və  ictimaiyyətinin daim diqqət mərkəzindədir və bu günlərdə bu tandemin gərgin münasibəti daha da tarıma çəkilmişdir. Təbii ki,  Rusiya- Ukrayna ziddiyyətlərinin kəskinləşməsi, ilk növbədə, region və şərqi Avropa üçün ciddi təhlükədir. Rusiya – Ukrayna münasibətlərinin gərginləşməsi Maydan hərəkatından başlamışdır. O vaxt, yəni  22 fevral 2014-cü ildə, ukraynalılar Rusiyapərəst prezidentlərini- Viktor Yanukoviçi  devirdikdən  5 gün sonra Rusiya xüsusi təyinatlıları Krım Ali Sovetinin binasını ələ keçirdilər,  “Rus birliyi” partiyasının lideri S. Aksyonovu da oraya başçı təyin etdilər. Yeni başçı da dərhal Rusiya siyasi rəhbərliyinə “Krım ərazisində sülhün və əmin- amanlığın bərpasına yardım göstərmək” üçün rəsmi müraciət etdi. Rusiya bu xahişi dərhal, məmnuniyyətlə yerinə yetirdi.

(Bax: https://www.bbc.com/russian/international/2014/03/140301_live_ukraine_crimea_crisis)

16 mart 2014-cü ildə  Krımda keçirilən referendumdan 2 gün sonra— 18 martda Krım rəsmən Rusiyaya birləşdirildi.

Krımın Rusiyaya birləşdiriməsindən sonra Rusiya- Ukrayna münasibətləri kəskin xarakter alıb. Qarşıdurmalarda indiyədək 14 mindən artıq şəxs həlak olub. Qərb dövlətləri—“Böyük yeddilik” ( Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, ABŞ və Yaponiya ), NATO üzvləri, Avropa İttifaqı, Avropa Şurası— Rusiyanın Krımı özünə birləşdirməsi hadisəsiə kəskin etirazlar etsə də, ona qarşı müxtəlif sanksiyalar uyqulasalar da, Rusiya bütün beynəlxalq reaksiyalara rəğmən öz əməlindən çəkinmir.

(Bax: https://worldview.stratfor.com/article/waiting-reality-check-crimea-five-years )

Sirr deyil ki, Ukraynanın Rusiya ilə dərin sosial, mədəni-tarixi bağlılığı, 2295 km. uzunluğunda böyük sərhədi vardır.  Beynəlxalq hüquqa görə, 603549 kv.km. ərazisi, təqribən 42 milyon əhalisi olan Ukrayna həm də Belorusiya (1084 km.), Moldova (1222 km. ), Macarıstan (137 km.), Polşa (542 km. ), Rumınya ( 614 km. ) və Slovakiya (98 km. ) ilə həmsərhəddir. Xatırladaq ki, ərazisinə görə, bütün Avropa ölkələri arasında birinci yeri tutan Ukraynanın Donetsk vilayətində 7 aprel 2014-cü ildə özünü müstəqil dövlət elan etmiş Donetsk Xalq Respublikası və Luqansk  vilayətində 27 aprel 2014-cü ildə yaradılmış Luqansk Xalq Respublikası mövcuddur.

Hal- hazırda Ukrayna ilə sərhəd boyu təqribən 100 minə yaxın əsgəri, hərbi texnikanı və döyüş vasitələrini cəmləşdirmiş Rusiya ciddi cəhdlə Ukrayna ilə işi olmadığını bəyan etsə də heç kimi inandıra bilmir. Eyni zamanda, Rusiya  heç vəchlə Ukraynanın NATO üzvü olmasını  da istəmir.  Rusiya prezidenti V. Putin Ukraynanın NATO dövlətləri ilə sıcaq münasibətlərini Rusiyaya  təhdid olaraq görür və açıq şəkildə bildirir ki, Rusiya özünə təhlükə mənbəyi olaraq gördüyü bütün əməllərə “müvafiq hərbi-texniki tədbirlərlə” cavab verəcəkdir.

( Bax: https://www.bbc.com/news/world-europe-56720589 )

ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, V. Putin ondan iki məsələ üçün tam zəmanət istəyib:

1) Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq.

2) NATO Ukraynada strteji silahlar yerləşdirməyəcək.

(Bax: https://www.youtube.com/watch?v=Qg24-N0rAio  Videonun 1.33— 1.47 dəqiqələrində C. Baydən həmin şərtləri sadalayır.)

İki super-dövlətin lidəri  qarşılıqlı ittihamlar irəli sürür: Rusiya NATO ölkələrinin Ukraynanı silahla təchiz etməkdə, ABŞ isə Rusiyanı beynəlxalq gərginliyi artırmaqda suçlayır. V. Putin tələb edir ki, NATO Şərqi Avropada— Polşa və Rumınıyada, habelə, Baltikyanı dövlətlərdə bütün fəaliyyətini dayandırsın.

Maraq üçün xatırladaq ki, 1997-ci ildən sonra NATO-nun tərkibinə daha 14 dövlət— Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumınıya, Sloveniya, Xorvatiya, Monteneqro, Albaniya, Bolqarıstan və Şimali Makedoniya qaxil edilmişdir. Rusiya, eyni zamanda, ABŞ-dan öz ərazisi xaricində nüvə silahlarının yerləşdirilməsini qadağan edən müqavilə bağlamağı da təklif edir.

ABŞ Prezidenti Co Baydenə son  mətbuat açıqlamasında Rusiyaya ciddi xəbərdarlıq etmişdir: “ Əgər onlar Ukraynanı daha da işğal etsələr, bu, Rusiya üçün fəlakət olar— It is going to be a disaster for Russia if they further invade Ukraine”.

(Bax:https://www.france24.com/en/americas/20220119-biden-warns-of-disaster-for-russia-if-putin-invades-ukraine )

Co Baydenin Rusiya-Ukrayna sərhədində ehtimal olunan gəlişmələr haqqında  çıxışında sərf etdiyi  “önəmsiz, kiçik müdaxilə— a minor incursion” ifadəsi ictimai fikirlərdə müəyyən çaşqınlıq yaradıb. ABŞ-ın 79 yaşlı Prezidenti öncə qətiyyətli şəkildə belə söyləyir: “Düşünürəm ki,  əgər Rusiya (Ukraynanı) işğal edərsə, onun  hesab verəcəyini siz görəcəksiniz”. C. Baydən  bir qədər sonra isə əlavə edir ki, “bu, onun  (Rusiyanın)  nə edəcəyindən asılıdır. Əgər bu, önməsiz  kiçik müdaxilədirsə, onda başqa məsələ”.

(Bax: https://www.youtube.com/watch?v=Qg24-N0rAio Videonun 20-30-cu saniyələri)

Mətbuat konfransında bir müxbir, Prezidentdən həmin “minor incursion” ifadəsinin nə anlama gəldiyini maraq etmişdir:

“Siz söyləmək istəyirsiniz ki, əgər Rusiya Ukrayna ərazisininin kiçik bir hissəsinə hərbi müdaxilə edəcəyi təqdirdə ona Sizin təhdid etdiyiniz sanksiyalar tətbiq olunmayacaq? Yoxsa Siz Putinə, faktik olaraq, ölkəyə  hərbi müdaxilə  etməsinə icazə verirsiniz?”

Ohayo ştatından olan senator Rob Portman öz tvitində Baydenin “önəmsiz, kiçik müdaxilə” ifadəsindən çox narahat olduğunu ifadə etmişdir. Həmin senatorun fikrinə görə, Rusiyanın istənilən müdaxiləsinə Avropanın sabitliyini pozacaq böyük müdaxilə kimi baxmaq lazımdır.

Arkanzasdan olan senator Tom Kotton isə öz yazısında  daha müstəqim fikir söyləmişdir: “Prezident, Ukraynanı işğal etmək üçün  az öncə Putinə yaşıl işıq yandırdı.”

(Bax:https://nypost.com/2022/01/19/joe-biden-admits-russia-will-prevail-over-time-if-it-invades-ukraine/)

Ağ evin sözçüsü Jenifer Psaki isə bir qədər sonra çıxış edərək Prezidentin çıxışına aydınlıq gətirmişdir: “Rusiyanın hər hansı hərbi birləşməsi Ukrayna sərhəddini keçərsə, bu hərəkət yeni işğal olaraq dəyərləndiriləcək, Birləşmiş Ştatlar  müttəfiqləri ilə birlikdə   ona dərhal sürətli, kəskin cavab verəcəkdir”.

(Bax: https://news.sky.com/story/russia-ukraine-crisis-us-warns-any-movement-of-russian-military-forces-across-border-will-be-met-with-severe-response-12521693 )

ABŞ Dövlət katibi A. Blinken də Rusiya Xarici İşlər naziri S. Lavrovla görüşdə  eyni fikri səsləndirmişdir. S. Lavrov amerikan həmkarını “Rusiyanın Ukraynanı işğal etmək niyyəti yoxdur” sözləri ilə inandırmağa çalışsa da, A. Blinken “biz söyləntilərə deyil, əməllərə və hərəkətlərə inanırıq” – deyə cavab vermişdir.

Böyük Britaniyanın Xarici İşlər naziri Elizabet Trass öz çıxışında Rusiyanın müxtəlif bəhanələrlə keçmiş sovet respublikalarına müdaxilə etmək girişimindən əndişə duyduqlarını sərt şəkildə dilə gətirmiş, konkret olaraq  Prezident V. Putinin yenidən SSRİ yaratmaq iddiasına düşdüyünü söyləmişdir:

Kreml tarixdən dərs almamışdır. Onlar əraziləri etnik və dil xüsusiyyətlərinə bölərək Sovet İttifaqını yenidən qurmaq və ya daha böyük Rusiya yaratmaq arzusundadırlar…Biz Prezident Putinə böyük strateji səhvə yol vermədən öncə Ukraynadan əl çəkməsini və geri addım atmasını israr edirik”.

(Bax: https://www.youtube.com/watch?v=SCDRYl4tDHo  Videonun 1-37-ci saniyeleri )

Rusiya- Ukrayna qarşıdurması, əslində, iki dövlətin yox, Rusiya ilə NATO-nun konfliktidir. Rusiya qətiyyən öz mövqeyindən geri addım atana bənzəmir. Avropa siyasi elitası da mövcud vəziyyətin ciddiliğinin fərqindədirlər. Mövcud durumu birgə təhlil etmək, prinsipial məsələdə yekdil olduqlarını və vahid cəbhədən çıxış etmək məqsədilə yaxın günlərdə Berlində bir araya gələn Avropa siyasiləri qarşısında fikir söyləyən ABŞ Dövlət katibi A. Blinken bildirmişdir ki, böhran vəziyyətinin kəskinləşməsi mənfi  qlobal sonuclara  apara bilər. Qeyd edək ki, son həftə ərzində Avropalı diplomatlar məsələylə bağlı 100-dən artıq müxtəlif səviyyəli görüşlər keçirmişlər.

ABŞ başda olmaqla NATO üzvü ölkələri açıq-aşkar görür ki, Rusiyaya qarşı tətbiq olunan  iqtisadi  sanksiyalar gözlənilən təsir  gücünə malik deyildir.  A. Blinken Rusiya əhalisinə də müraciət edir ki, dinç etiraz mitinqlərlə V. Putini Ukraynaya  qarşı hərbi müdaxilədən çəkindirsinlər:

“Siz dünyanın bütün qabaqcıl ölkələrinin vətəndaşları kimi, rifah və əmin-amanlıq şəraitində  yaşamağa layiqsiniz. Heç bir qüvvə, nə ABŞ, nə NATO, nə də Ukrayna sizin ölkənizə təhlükə  törətməkdə maraqlı deyildir. Sizin, xüsusən də, övladlarınız  gənc nəsil üçün  əsl təhlükə, qonşunuz Ukrayna ilə baş verə biləcək mənasız muharibə və onun doğuracağı fəlakətli nəticələri olar”.

(Bax:https://www.pbs.org/newshour/politics/watch-any-assembled-russian-units-move-across-the-ukrainian-border-that-is-an-invasion-says-biden )

Yazılı tarixdən məlum olduğu kimi, indiyə qədər baş vermiş müharibələrin ən fəlakətlisi I və II Dünya müharibələri sayılır. Bu müharibələrin heç birində ABŞ müharibəyə ilk qatılan dövlət olmayıb.  ABŞ həm I Dünya müharibəsinə   (6 aprel 1917-ci il),  həm də II Dünya müharibəsinə (6 iyun 1944-cü il)   qanlı hərbi əməliyyatların  bitməsinə bir il qalmış qatılmışdır. Yəni, Rusiya strteqləri çox gözəl bilirlər ki, ABŞ heç vaxt onunla konfrantasiyay gedən deyil. Hazırda NATO-nun 30 üzvü var. İki dünya müharibəsindən astronomik maddi, mənəvi və hərbi ziyanla çıxmış Almaniya Rusiyaya qarşı üçüncü dəfə əsla vuruşmaz. Quru qoşunlarının sayına görə NATO-nun ikinci hərbi qüvvəsi olan  qardaş Türkiyə ilə Rusiya arasında hazırda sıcaq münasibətlər, 100 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Nə Türkiyə, nə də Almaniya öz ərazilərindən Rusiyaya hava zərbələri endirməyə əsla müsaidə etməzlər. Böyük Britaniya və Fransanın da Rusiya ilə uzaq keçmişdən  xatiri saylır  sarsılmaz  iqtisadi-mədəni əlaqələri davam edir. NATO-ya daxil olan Yunanıstan, Lüksemburq, Latviya, Litva, Estoniya, İslandiya, Xorvatiya, Şimali Makedoniya, Çernoqoriya və digər  ölkələrin isə Rusiya ilə müharibəyə başlayacağını düşünmək qətiyyən real görünmür.

Rusiya və ABŞ dövlət başçılarının hazırkı mövqeləri 1962-ci ilin oktyabr ayında bütün dünyanı vahimələndirən Karib böhranını xatırladır. O vaxt ABŞ Prezidenti Con Kennedi ( 1917-1963 ) və SSRİ-nin başçısı Nikita Xruşşov (1894- 1971 ) arasında  Kubaya nüvə başlıqlı raketlər yerləşdirmək məsələsinə görə çox gərgin münasibət yaranmışdı. 22 oktyabr 1962-ci ildə C. Kennedi televiziya ilə ABŞ vətəndaşlarına müraciət  edərək amerikan hərbi qüvvələrinə Kubaya nüvə silahları daşıyan sovet gəmilərinin qarşısını almaq və  ölkənin təhlükəsizliyini təmin etmək  üçün  Kuba sahilləri boyu 500 mil ( 926 km.) ərazidə qarantin zonası yaratmağı əmr  verdiyini bildirmişdi.   SSRİ-nin dövlət başçısı N. Xruşşov  da qəzəblənərək sovet gəmilərinə mane olmaq cəhdinə anında cavab verəcəklərini söyləmişdi. 25 oktyabr 1962-vi ildə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclası keçiriləndə, bəlkə də, diplomatiya tarixinin  ən nadir hadislərindən biri baş vermişdi: ABŞ təmsilçisi Edlay ( Adlai) Stivenson ( 1900- 1965 ) həmin toplantıda sovet diplomatı Valerian Zorinə ( 1902- 1986 ) qarşı ittihamedici və qəzəbli tonla: “Cənab səfir Zorin, siz mənim sadə sualıma dəqiq cavab verin: SSRİ Kubada orta mənzilli nüvə başlıqlı reket yerləşdiribmi? Tərcüməni gözləmədən söyləyin: hə, yox?” V. Zorin də eyni tonla ona “ nə mən amerikan gəmisindəyəm, nə də  siz prokurorsunuz. Sizin sualınız zəruri bildiyimiz vaxt cavablandırılacaqdır”- deyə təpki vermişdir.

(Bax: https://www.youtube.com/watch?v=CxDGtu-aMi0 )

SSRİ ilə ABŞ arasında  nüvə müharibəsi təhlükəsi son həddə çatdığı 27 oktyabr 1962-ci ilin şənbə gününün axşamı N. Xruşşov gözlənilmədən  öz yaxın ətrafı ilə  teatra getmiş, ertəsi günün səhəri də C. Kennediyə şəxsi məktub yazaraq Kuba lidərinə toxunulmayacağına təminat verildiyi  təqdirdə sovet raketlərinin demontaj ediləcəyini bildirmişdir. Bu məktub Ağ evdə biranlıq şaşqınlığa səbəb olmuşdur. Hətta elə düşünülmüşdür ki,  gecə bir çevriliş olmuş və məktubu tamamən başqa şəxs imzalamışdır, çünki məktubda Xruşşova məxsus hərbə-zorba tonundan əsər-əlamət yoxdu. Beləliklə, Karib böhranında  gözlənilməz mutlu sona varılmışdır. Sonralar bu dəhşətli anları xatırlayan ABŞ-ın o zamankı Müdafiə naziri Robert Maknamara  ( 1916- 2009) etiraf etmişdi ki, 27 oktyabr 1962-ci ildə vahiməylə düşünürdüm ki, bir daha günəşi görə bilməyəcəyəm.

(Bax: https://iz.ru/news/268669 )

Bizim fikrimizcə, indiki şərait də müharibəsiz  başa çatacaqdır. Rusiya özünəməxsus ərazilərdə, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca geniş miqyaslı hərbi təlimlər keçirəcək, əzələ mümayiş etdirəcək, Ukraynaya qarşı kiberhücumlar gerçəkləşdirəcək, amma qətiyyən onun ərazisinə daxil olmayacaq. Əvəzində,  Dumada müxtəlif fraksiyalarını körükləyəcək, məsələn kommunist və liberallar özlərini müstəqil elan etmiş bölgələrin hüquqi statusunun rəsmiləşdirilməsi məsələsinin gündəmə gətirilməsi məsələsini ortaya ata bilərlər. Rusiya indiyə qədər rəsmən tanımadığı Donetsk və Luqansk respublikalarını tanıya bilər. Sonra orada yaşayan qardaşların israrlı tələbini yerinə yetirərək xalqın tələbi ilə onları öz tərkibinə daxil edər. Necə deyərlər, demokratiyada çarələr tükənməz, bir halda ki, xalq tələb edir, nədən bu istək gerkləşməsin?.

Kreml tarixdən dərs almalıdır, SSRİ liderlərinin tarixi səhvlərini təkrarlamamalıdır.  O zaman sürətlə silahlanma hərisliyinin  nə ilə nəticələndiyi hamıya bəllidir. İnsanların əynindan, başından, boğazından, məişətindən, iqtisadi tələbatından kəsib hərbi təchizat yaratmaq avantürası SSRİ-ni darmadağın etdi. Bir nəfər də olsun Belovejsk sazişinə qarşı çıxmadı, etiraz səsini ucaltmadı. Niyə? Cavabı çox sadədir: SSRİ rəhbərliyi heç vaxt öz xalqını düşünmədi, sürəkli olaraq leninizm ideyalarını xarici ölkələrə  yaymağa yönəlik siyasət apardığına görə, öz vətəndaşlarını bəzəkli-düzəkli nağıllarla uyutmağa çalışdığı üçün, tribunalardan söylənilənlərlə  reallıq arasında uçurum olduğu səbəbindən xalq dövlətdən üz döndərdi.

Dövlət müstəqilliyinin ən sarsılmaz təminatçısı xalqın özüdür. Maddi rifahı təmin edilən, tələbatı ödənilən, sabahına inamı, işi, maaşı olan, dövlətinin daimi qayğısını görən, qarşıya çıxan istənilən bürokratik əngəllərin hüquqi müstəvidə həll olunduğuna əmin olan xalq heç vaxt öz müstəqilliyindən vaz keçməz. O zaman xalq, neçəincisə kolon adlandırılanların hamısını bir sinif kimi yox edər, öz qanı və canı bahasına öz dövlətinin müstəqilliyini qoruyar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*