Son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiq və təxribatları artırıb. Qarabağda mitinqlərin keçirilməsi, rusiyalı jurnalistlərin qondarma rejimin “rəsmiləri”ndən müsahibə almaq üçün Qarabağa qanunsuz səfərlər etməsi, sülhməramlıların separatçılara silah yardımı və sair amillər belə qənaətə gəlməyə əsas verir. Bir sözlə Kremlin Azərbaycana qarşı siyasətinin dəyişməsi fonunda Ermənistanı əlində saxlamaq üçün çabalamasını müşahidə edirik. Bəs görəsən proseslərin bu cür cərəyan etməsi hansı nəticələrə gətirib çıxara bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, son vaxtlar Rusiyanın Cənubi Qafqaza dair siyasətində bir sıra radikal elementlər müşahidə olunur: “Putinin Valday Beynəlxalq Diskussiya klubunda Ermənistanı itirməmək üçün çox qərəzli fikirlər səsləndirməsi bunu bir daha sübuta yetirir. Digər tərəfdən hər iki ölkə arasında imzalanan strateji müttəfiqlik haqqında sazişdə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət əks olunub. Lakin biz görürük ki, Ruben Vardanyanın Qarabağa köçməsindən sonra Rusiya öz mövcudluğunu qoruyub saxlamaq, sülhməramlıların vaxtını uzatmaq məqsədilə müxtəlif yollara əl atır. Ona görə də, hesab edirəm ki, rusiyalı jurnalistin Vardanyandan müsahibə almaq üçün Qarabağa gəlməsindən sonra Bakı və Moskva arasında informasiya seqmentindəki münasibətlərə yenidən baxılacaq. Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı informasiya təhlükəsizliyinin qorunmasına dair xüsusi sənəd imzalanıb. Lakin görünür Moskva bu sənədə də əməl etmir. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev “Zəfər Günü” ilə bağlı Şuşada keçirilən tədbirdə çıxışı zamanı sülhməramlıların fəaliyyətinə toxundu və öz iradlarını dilə gətirdi. Təbii ki, sülhməramlıların Qarabağda qalma müddəti Azərbaycanın iradəsindən asılı olacaq. Bu da beynəlxalq hüquqa söykənən yanaşmadır”.

Politoloq əlavə edib ki, Ukraynadakı müharibə fonunda Rusiya çox aqressivləşib: “Cənubi Qafqaz uğrunda mübarizədə isə Ermənistanı itirməməyə çalışır. Lakin əsas məsələ bundan ibarətdir ki, Ermənistanı əldən verməmək istəyi Rusiyanın Azərbaycanı itirməsi ilə yekunlaşa bilər. Odur ki, Rusiya Cənubi Qafqaz siyasətini formalaşdıranda bütün bu amilləri nəzərə almalıdır. Çünki Azərbaycan qalib gələn bir dövlətdir. Müxtəlif təhdidləri neytrallaşdırmaq və qarşısını almaq gücünə malikdir. Ona görə də, Kremldə Cənubi Qafqaza dair siyasət qurularkən Azərbaycanın gücü, qüdrəti, siyasi-iqtisadi enerji potensialı, demoqrafik üstünlüyü mütləq şəkildə nəzərə alınmalıdır. Çünki hansısa neqativ ssenari Cənubi Qafqazda gərginliyin formalaşmasına səbəb ola bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
