“Krım Ukraynanın nəzarəti altında olacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hoces Kanal 24-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər Ukrayna rusları fevralın 23-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək. Bu, bir şərtlə uğur qazanacaq – əgər bunun üçün lazım olan hər şey təmin ediləcəksə.
O, əmindir ki, bu vəziyyətdə Rusiya tərəfindən işğal olunmuş Krım gələn ilin əvvəlində Ukraynanın nəzarəti altında olacaq.
“Mən əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Onlar orduya qatılmırlar. Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat axtarır. Hətta həbsxanalar vasitəsilə kimlərisə əlacsız Rusiya ordusunda döyüşməyə məcbur edirlər. Bütün bunlar rusların zəif və tükəndiyini göstərir”, – deyə Hoces bildirib.
Hoces əlavə edib ki, birlik və Ukraynaya hər cür dəstək təmin edilərsə, ruslar “dağılacaqlar”.
“Mənə elə gəlir ki, qarşıdakı bir neçə həftə ərzində bizi çətin döyüşlər gözləyir və potensial olaraq Rusiya qoşunları dağılır. Onların vəziyyəti tezliklə necə yaxşılaşdıra biləcəklərini görmürəm. Bununla belə, bizim Ukraynanı hər şeylə təmin etməliyimiz lazımdır”, – o deyib.
Xatırladaq ki, əvvəllər Hoces demişdi ki, Rusiya ordusu bir neçə həftə əvvəl Ukrayna ilə müharibədə kulminasiya nöqtəsinə çatıb: işğalçıların maddi-texniki təminatı getdikcə etibarsızlaşır, xüsusilə əsgərlər döyüşmək istəmirlər.
Xuraman Etibarlı,
KONKRET.az
