Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Talatbek Masadıkov Ermənistanın təşkilatda gələcək iştirakı ilə bağlı qərarın “ağlabatan müddətdə” qəbul edilməli olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Masadıkov bu barədə RİA Novosti-yə açıqlamasında danışıb. O, qeyd edib ki, Ermənistanın KTMT-də iştirak perspektivləri ilə bağlı qərarın vaxtında verilməsi vacibdir.
KTMT baş katibinin açıqlaması Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyevin Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi məsələsi ilə bağlı sözlərindən sonra səslənib.
Vasilyev bildirib ki, Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması üçün təşkilata üzv bütün ölkələrin konsensusu tələb olunur.
Rusiyalı diplomatın sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək. O, təşkilata üzv ölkələrin liderlərinin görüş zamanı Ermənistanın KTMT-də iştirak məsələsini də müzakirə edə biləcəyini istisna etməyib.
Günay Əli
KONKRET.az
