“Laçın rayonundan çıxan ermənilərin evlərini yandırması ilə bağlı cinayət işi başlanıb”.
KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumun “prokurorluğunun mətbuat katibi” Kim Qabrielyan mediaya bildirib.
O bildirib ki, Laçın rayonunda evlərin yandırılması ilə bağlı 13 fakt qeydə alınıb, onlardan 11-i Zabuxda, 2-si Laçın şəhərində olub. Faktla bağlı cinayət işi başlanıb.
Qabrielyan qeyd edib ki, materiallar araşdırılır, icraat çərçivəsində yekun hüquqi qiymət verilməsi üçün istintaq hərəkətləri həyata keçirilir. “
Cinayət işinin başlanması o demək deyil ki, kimsə təqsirləndirilir, sadəcə olaraq ev yandırma faktı üzrə iş başlanıb. İstintaqın hansı nəticəyə gətirib çıxaracağı gələcəyin sualıdır”, – Kim Qabrielyan bildirib.
O qeyd edib ki, Azərbaycanın bu ərazilərə nəzarəti bərqərar etdiyini, həmçinin əhalinin bir hissəsinin Ermənistana köçdüyünü nəzərə alsaq, artıq bir sıra çətinliklər yaranıb.
Bundan əvvəl bildirilib ki, Zabuxda evlərini yandıran sakinlərə mənzil sertifikatının verilib-verilməyəcəyinə hüquq-mühafizə orqanlarının əməkdaşları qərar verməlidirlər.
“Kompensasiya məsələsinin hüquq-mühafizə orqanları əməkdaşlarına aidiyyəti yoxdur, hüquq-mühafizə orqanları əməkdaşlarının bu məsələ ilə bağlı heç bir səlahiyyəti və öhdəliyi yoxdur. Bu qərarı müvafiq orqanlar verir”, – separatçı qurumun “prokurorluq rəsmisi” bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
