Sülhməramlıların yeni komandanı Lentsovun guya Bakıya yola düşdüyü haqda erməni mediasında yayılan xəbərlər birmənalı qarşılanmayıb və onun səfəri haqda bəzi sualların yaranmasına səbəb olub. Erməni mediasının Lentsovun guya Laçındakı postumuzu götürməyimiz üçün bizimlə danışıqlara gəlməsi haqda iddiaları isə əməlli-başlı səs-küy yaradıb. Hətta bu barədə Qarabağdakı qondarma qurumun “antiböhran şurasının sədri” Tiqran Petrosyan da fikir səsləndirib. Bəs görəsən, ermənilərin səsləndirdiyi bu iddialar nə dərəcədə real ola bilər? Ümumiyyətlə, bizim postumuzu götürməyimiz mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, sülhməramlılara yeni komandan təyin olunan zaman, o, həm Azərbaycana, həm də Ermənistana səfər edir: “Lentsovun tərcümeyi-halı ilə tanış olmuşam. O, ermənilərin kürəkənidir. Əgər Lentsov ermənipərəst mövqe tutsa, bu, bizə müəyyən problemlər yaradacaq. Amma Ermənilərin yazdığı kimi, Lentsov Laçın dəhlizindəki postumuzu götürməyimiz üçün bizə xahişə gəlirsə, Bakı heç vaxt buna razı olmayacaq. Çünki ərazi Azərbaycanındır. Biz harada sərhəd-keçid məntəqəsi quracağımıza özümüz qərar veririk. Azərbaycanın bu məsələlərdə heç kimin məsləhətinə ehtiyacı yoxdur və kimsə bizi geri addım atmağa məcbur edə bilməz. Digər tərəfdən rus sülhməramlılarının azərbaycanlı sərhədçilərlə birgə fəaliyyət göstərməsi də mümkünsüzdür. Bunun üçün Azərbaycan qanunvericiliyində dəyişiklik edilməlidir. Çünki ölkə qanunvericiliyində dövlət sərhədlərinin birgə qorunması haqqında hansısa müddəa yoxdur. Ona görə də, Azərbaycanın hərbi doktrinası dəyişilməlidir, bu isə mümkünsüzdür”.

Politoloqun sözlərinə görə, ermənilər istədikləri qədər xəyal edə bilərlər: “Azərbaycan Prezidentinin belə bir məsələyə razılıq verəcəyinə inanmıram. Bizim Laçın yolundakı postumuzu götürməyimiz və erməniləri razı salmağımız mümkünsüzdür. Bu, Azərbaycan üçün mənəvi məğlubiyyət sayıla bilər. Eləcə də sərhədlərin bütövlüyünə xələl gətirər. Bu qədər erməni təxribatlarının qarşısını almaq üçün atdığımız addımı heçə endirə bilmərik. Ona görə də, bu cür təxribatlara uymamalıyıq. Laçın yolunda postumuzun yığışdırılması Azərbaycan üçün qəbulolunmaz bir məsələdir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
