Lüksemburqda dilənçilik qadağası qızğın mübahisələr doğurubbackend

Lüksemburqda dilənçilik qadağası qızğın mübahisələr doğurub

Artıq Lüksemburq Böyük Hersoqluğunun paytaxt küçələrində dilənməyə görə cəza tətbiq edilir.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, insan haqları müdafiəçilərinin tənqidlərinə baxmayaraq, cəmiyyətdə mübahisə doğuran qanun 15 dekabr 2023-cü il tarixində qəbul edilib. Yeni qanunvericiliyə görə, dilənçilər 25-250 avro arasında cərimə oluna bilər, ödəyə bilməsələr, hətta bir neçə günlük həbs cəzası da ala bilərlər.

Maraqlıdır ki, qadağa yalnız paytaxtın müəyyən ərazilərinə – ticarət küçələrinə, ictimai meydanlara, dayanacaqlara və ictimai bağlara səhər saat 7-dən axşam 22-dək şamil edilir.

Şəhər hakimiyyəti bu addımı “xüsusilə aqressiv mütəşəkkil dəstələrin tərkibində dilənçilərin sayının artması” ilə izah edib, “yerli sakinlərin və ziyarətçilərin rifahını təmin etmək və yerli biznesi qorumaq” məqsədilə atıldığını bildirib.

Daxili İşlər Nazirliyinin yeni təyin olunmuş rəhbəri Leon Qloden dilənçiliyə qadağanı fəal şəkildə dəstəkləyib. Onun sələfi Tanya Bofferdinq buna şiddətlə qarşı çıxıb. Bu qanun Lüksemburq Şəhər Şurası tərəfindən təsdiqlənsə də, Bofferdinq vəzifədə olduğu dövrdə milli polisə qadağanı tətbiq etməyə icazə verməyib.

Qeyd edək ki, sağçıların təşəbbüsü xeyriyyə təşkilatlarının, hüquq müdafiəçilərinin və Lüksemburqun solçu partiyalarının şiddətli müqaviməti ilə üzləşib, onlar yeni qanunu “qeyri-insani” adlandıraraq onun konstitusiyaya uyğunluğunu şübhə altına alıblar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*