Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla görüşmək üçün Yelisey sarayına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Fransa Prezident Administrasiyası əvvəlcədən bildirmişdi ki, liderlər Cenevrə müzakirələri və Amerika planı fonunda ədalətli və davamlı sülhün vəziyyəti və şərtlərini Acvropa tərəfdaşları ilə sıx müzakirə edəcəklər. Görüşdə həmçinin Ukraynaya “qətiyyətlilər koalisiyası” çərçivəsində təhlükəsizlik zəmanətləri də müzakirə olunacaq.
Zelenski Yelisey sarayının həyətində Makron tərəfindən qarşılanıb. Liderlər bir-birini səmimi şəkildə qucaqlayıb və daha sonra saraya daxil olublar.
Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu görüş Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada mümkün sülh razılaşmasının parametrləri ilə bağlı danışıqlarının ertəsi gününə təsadüf edir.
BBC-nin məlumatına görə, Zelenski həmçinin hərbi təyyarələr istehsal edən “Dassault Aviation” aviasiya-kosmik şirkətinin müəssisələrini də ziyarət etməyi planlaşdırır.
Prezident Zelenski bir müddət əvvəl də Ukrayna ilə Fransa arasında müdafiə əməkdaşlığının gücləndirilməsi məqsədilə Parisdə səfərdə olmuşdu.

Müşviq Tofiqoğlu
KONKRET.az
