Makronun arvadının eybəcər olması Fransa siyasətini müəyyən etmir – MÖVQEbackend

Makronun arvadının eybəcər olması Fransa siyasətini müəyyən etmir - MÖVQE

Mən “Makronun arvadı çirkindir”, “Paşinyanın arvadı meymuna oxşayır” kimi müzakirələrin əleyhinəyəm. İstərdim ki, bizim toplumumuz kiminsə görünüşünü müzakirə edəcək səviyyəyə enməsin, daha intellektual, daha səviyyəli, daha üstün və ali təfəkkürlü olaq. Guya Makronun arvadı gözəl olsa idi, Fransanın Azərbaycana yönəlik siyasəti fərqli olasıydı?! Kiminsə şəxsi həyatı, xarici görünüşü bizim müzakirə obyektimiz olmamalıdır, belə şeylərə vaxt və enerji sərf etməməliyik. Sabah Makron o arvadı boşasa, arvad ölsə, yaxud plastik əməliyyat edib cavanlaşsa nəsə yaxşıya doğru dəyişəcək?! Mevlana deyib: bir insanın nəyə güldüyündən ağlını, necə güldüyündən ədəbini bilmək olar.

Biz o şeylər haqda düşünməliyik ki, o, bizim dövlət olaraq siyasətimizə, xalq olaraq gələcəyimizə təsir edə bilər. Problem Fransanın Şərq siyasəti, biz türklərə münasibəti, Qafqazdakı geosiyasi maraqları, ermənilərlə əməkdaşlığının köklərini dərk edib alternativ strategiya qurmaqdır. Fransa böyük və nüfuzlu dövlətdir, demokratiyanın beşiklərindən biridir, lakin təəssüf ki, müsəlmanlar onun Şərq siyasətində, xüsusilə müsəlmanlara münasibətində müstəmləkəçilik siyasətinin amansız təzahürlərinə şahidlik etmişlər. Afrikada, Yaxın Şərqdə bu gün də Fransanın sivil ölkəyə yaraşmayan davranışları davam etməkdədir və biz bunun regionumuza sıçramasına əsla izin verməməliyik.

Müsəlmanlara qarşı səlib yürüşü, xristiyan ermənilərə təəssübkeşlik və onları əlaltı xalq kimi istifadə siyasəti sivil, müasir Azərbaycana və Türkiyəyə münasibətdə əsla siyasi meyar ola bilməz, bunu hər platformada onların diqqətinə çatdırmalıyıq. Bizi vəhşi kimi qələmə verən ermənilərə cavab olaraq yeri gələndə fransızlara Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Azərbaycan haqda yazdığı xoş sözləri, Osmanlı sultanı Qanuninin firəng kralını əsirlikdən azad etdirməsini xatırladaq. Xatırladılacaq çox şey var əslində…

Nəzakət Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*