Müqəddəs Nikolayın qalıqları məhv edildi: Şübhəli şəxsin izahatı hamını şoka saldıbackend

Müqəddəs Nikolayın qalıqları məhv edildi: Şübhəli şəxsin izahatı hamını şoka saldı

Fransanın Lotaringiya bölgəsində yerləşən məşhur Sen-Nikolya-de-Por bazilikasında qeyri-adi və qalmaqallı hadisə baş verib. Naməlum şəxs xristian dünyası üçün müqəddəs sayılan Nikolayın qalıqlarının bir hissəsini oğurlayaraq yandırıb, daha sonra isə əzərək məhv edib.

Saxlanılan şəxs polisə ifadəsində məqsədinin dini relikviyalara sitayişi xurafat və fetişizm hesab etdiyi üçün bu cür inanclara qarşı mübarizə aparmaq olduğunu bildirib. Hadisə 2026-cı ilin əvvəlindən etibarən tarixi bazilikaya qarşı törədilən üçüncü hücumdur.

Oğurluq oktyabrın sonunda, Nansi şəhərindən təxminən 12 kilometr məsafədə yerləşən Sen-Nikolya-de-Por şəhərində qeydə alınıb.

Yerli Magnum radiosunun məlumatına görə, oktyabrın 28-də bir kişi Müqəddəs Nikolaya həsr olunmuş kapellaya daxil olaraq müqəddəsin heykəlinə yaxınlaşıb. O, qoruyucu şüşəni sındıraraq heykəlin oturacağına yerləşdirilmiş kiçik medalyon formasında relikvarini götürüb.

Fransanın digər nəşrləri hadisənin oktyabrın 31-də baş verdiyini yazır. Bu tarix isə Katolik ənənəsində Bütün Müqəddəslər Gecəsi kimi tanınan günə təsadüf edir.

Medalyonun içərisində kiçik şüşə kapsul, onun daxilində isə uzunluğu cəmi 1-2 santimetr olan sümük parçası yerləşirdi. Möminlər həmin parçanı Müqəddəs Nikolayın müqəddəs qalıqlarının bir hissəsi hesab edərək ehtiramla qoruyurdular.

Lakin oğurluqdan sonra həmin relikviya əvvəlcə yandırılıb, daha sonra isə fiziki olaraq məhv edilib.

Şübhəli şəxs evində saxlanılıb

Bazilikanın baş keşişi hadisə ilə bağlı Dombal-sür-Mört polis komissarlığına müraciət edib. Videomüşahidə kameralarının qeydləri, eləcə də bələdiyyə və milli polisin birgə araşdırması nəticəsində şübhəli şəxsin kimliyi müəyyənləşdirilib.

O, yaşadığı evdə saxlanılaraq polis bölməsinə aparılıb. Dindirmə zamanı oğurluq və müqəddəs əşyanın məhv edilməsini etiraf edib.

Noyabrın 6-da Sen-Nikolya-an-Lorren kilsə icmasının yaydığı bəyanatda bildirilir ki, saxlanılan şəxs relikviyanı məhv etmək qərarını spontan şəkildə verdiyini söyləyib. Onun sözlərinə görə, dini qalıqlara sitayiş fetişizm hesab edilməli və buna qarşı mübarizə aparılmalıdır.

Kilsə icması isə baş verənlərə sərt münasibət bildirib:

“Bu əşyanın tarixi dəyərindən əlavə, bizi ilk növbədə tariximizə, inancımıza və çoxsaylı nəsillərin bu müqəddəs məkana göstərdiyi ehtirama qarşı törədilən hücum dərindən yaralayır”.

Bazilikanın mühafizəsi və bərpası assosiasiyasının sədri Deni Burken France 3 Grand Est telekanalına açıqlamasında hadisəni tamamilə mənasız bir müqəddəsliyə hörmətsizlik aktı adlandırıb.

“Bizim üçün bu, heç bir məna daşımayan bir təhqirdir. O, fetişizmlə mübarizə aparmaq istədiyini deyir. Halbuki bu, fetişizm deyil”, – Burken bildirib.

Əsas relikviya təhlükəsiz yerdədir

Bununla belə, assosiasiya rəhbəri möminləri sakitləşdirməyə çalışıb. Onun sözlərinə görə, oğurlanaraq məhv edilən sümük parçası bazilikanın əsas müqəddəs yadigarı olmayıb.

Müqəddəs Nikolayın barmaq falanqasını saxlayan, əl formasında hazırlanmış məşhur relikvari bazilikanın xəzinəxanasında qorunub və hadisə zamanı ona toxunulmayıb.

Məhv edilən sümük parçası isə 2000-ci illərin əvvəllərində müqəddəsin heykəlinin altına yerləşdirilmişdi.

“Hamını sakitləşdirmək istəyirəm. Əsas relikviyalarımız hələ də xəzinəxanadadır. Onlar dekabrın 6-da hamının tanıdığı və sevdiyi ənənəvi yürüş zamanı nümayiş etdiriləcək”, – Burken əmin edib.

Nansi və Tul yepiskopu Pyer-İv Mişel də hadisəyə münasibət bildirərək saxlanılan şəxsin izahatını qəbul etmədiyini vurğulayıb.

“Biz bədənin dirilməsinə inanırıq. Müqəddəslər bizim mənəvi ailəmizin üzvləridir və bizi Rəbbə bağlayırlar. Müqəddəs qalıqlara ehtiram göstərmək fetişizm deyil. Bu, bizi Məsihə bağlayan iman aktıdır”, – yepiskop bildirib.

O, eyni zamanda möminləri şübhəli şəxs üçün dua etməyə çağırıb. Yepiskopun fikrincə, xristianlar zorakılıq və ağılsız davranışlarla qarşılaşsalar belə, mərhəmət hissini itirməməlidirlər.

“Müqəddəs Nikolay bütün Lotaringiyanın himayədarıdır”

Sen-Nikolya-de-Por şəhərinin meri Lyuk Bensinje bildirib ki, baş verənlər yalnız kilsə icmasına deyil, bütün region sakinlərinə qarşı hörmətsizlikdir.

“Müqəddəs Nikolay lotaringiyalıların himayədarıdır. Hər il dekabrın 6-da bütün Lotaringiyanın qəlbi məhz burada döyünür”, – mer deyib.

O, hadisənin onda xüsusi narahatlıq və qəzəb doğurduğunu etiraf edib.

Şəhər rəhbərliyi relikviyanın məhv edilməsini qətiyyətlə pisləyib və şübhəli şəxsin işi üzrə keçiriləcək məhkəmə prosesində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Məhkəmə iclasının tarixi hələ müəyyənləşdirilməyib.

Fransada xristian irsinin hüquqi müdafiəsi ilə məşğul olan AGRIF təşkilatı da məsələyə müdaxilə etmək niyyətindədir. Noyabrın 8-də təşkilatın rəhbəri Yann Bali şikayət verəcəklərini və prosesdə mülki iddiaçı qismində iştirak etməyə çalışacaqlarını bildirib.

“Bu təhqir bütün xristianların ruhunu və hər bir lotaringiyalının qəlbini yaralayır”, – Bali qeyd edib.

Təşkilat hadisənin anti-xristian motivlərlə törədildiyinin hüquqi baxımdan tanınmasına və bunun ağırlaşdırıcı hal kimi nəzərə alınmasına nail olmaq istəyir. Bununla belə, hadisənin hüquqi təsnifatı ilə bağlı yekun qərarı məhkəmə verəcək.

2026-cı ildə bazilikaya üçüncü hücum

Fransada hadisəyə xüsusi narazılıqla yanaşılmasının səbəblərindən biri də odur ki, bu, 2026-cı il ərzində bazilikaya qarşı törədilən üçüncü hücumdur.

Belə ki, fevralın 4-də məbəddə iki kiçik yanğın hadisəsi baş verib. Alov stullara və Məryəm Ananın heykəlinin oturacağına ziyan vurub, məbədin daxilini isə tüstü bürüyüb.

Kilsə icmasının üzvləri yanğın genişlənməmiş ona müdaxilə edərək alovu söndürə biliblər. Daha sonra yanğınsöndürənlər binanı tüstüdən təmizləyiblər. Həmin hadisədə də şübhəli şəxs videomüşahidə kameralarının köməyi ilə müəyyən edilib.

“Baş verənlər qarşısında yenidən acizlik hissi keçiririk”, – Deni Burken bildirib.

Avropanın qədim ziyarət məkanlarından biri

Sen-Nikolya-de-Por bazilikası Qərbi Avropada Müqəddəs Nikolayla bağlı ən mühüm ziyarət məkanlarından biri hesab olunur.

Kilsə ənənəsinə görə, 1098-ci ildə Lotaringiya zadəganı Ober de Varanjevil İtaliyanın Bari şəhərindən müqəddəsin barmaq falanqasını bu bölgəyə gətirib. IV əsrdə yaşamış Müqəddəs Nikolay müasir Türkiyə ərazisində yerləşən Mira şəhərində vəfat edib.

Bu hadisədən sonra Sen-Nikolya-de-Por tədricən mühüm dini ziyarət mərkəzinə çevrilib. Burada ilk kilsə 1104-cü ildə inşa edilib. Bu gün mövcud olan möhtəşəm qotik üslublu bazilikanın tikintisinə isə XV əsrin sonunda başlanılıb.

Tikinti işləri bir neçə onillik davam edib. 1950-ci ildə Roma Papası XII Piy məbədə kiçik bazilika statusu verib.

Məbəd tarix boyu bir sıra faciəli hadisələrlə də üzləşib. XVII əsrdə Otuzillik müharibə zamanı şəhər talan edilib, kilsə isə yandırılıb. Sonrakı dövrlərdə Fransa inqilabı və İkinci Dünya müharibəsi zamanı həyata keçirilən bombardmanlar da bazilikaya ziyan vurub. Buna baxmayaraq, əsas müqəddəs yadigar qorunub saxlanılıb.

780 illik ənənə davam edəcək

Hər il dekabrın əvvəlində Sen-Nikolya-de-Por şəhərində XIII əsrə gedib çıxan ənənəvi şam yürüşü keçirilir. Bu il 780-ci dəfə təşkil olunacaq yürüşün dekabrın 5-də, saat 20:30-da başlanması planlaşdırılır.

Təşkilatçılar bazilikaya qarşı törədilən hücumun ənənəvi bayram tədbirlərinin keçirilməsinə mane olmayacağını bildiriblər.

Bundan başqa, noyabrın 20-də saat 08:45-də məbəddə baş vermiş müqəddəsliyə hörmətsizlik hadisəsi ilə əlaqədar xüsusi tövbə messası keçiriləcək.

İl ərzində üç hücumun qeydə alınmasına baxmayaraq, yepiskop Pyer-İv Mişel Fransa kilsələrinin təhlükəsizlik səbəbindən ziyarətçilərin üzünə bağlanması ideyasını dəstəkləmir.

“Mən kilsələrin açıq saxlanılmasına və ilk növbədə müdafiə mövqeyinə çəkilməməyə çağırıram. Kilsələr insanların onları ziyarət edə bilməsi üçün mövcuddur. Bizim əsas məqsədimiz yalnız daş binaları qorumaq deyil”, – yepiskop vurğulayıb.

Qeyd edək ki, Fransa hüquq-mühafizə orqanları relikviyanı məhv etməkdə şübhəli bilinən şəxsin adını və dini mənsubiyyətini açıqlamayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*