Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məhkəmə prosesində Moskva hava limanlarında əcnəbilərin ölkəyə girişindən əvvəl telefonlarının yoxlanıldığını təsdiqləyib. Məlum olub ki, messencerlərdə yazışmaların silinməsi əlamətləri, hətta düyməli telefondan istifadə belə Rusiyaya girişdən imtina üçün əsas kimi qiymətləndirilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti” (“Ehtiyatlı olun, xəbərlər”) nəşri məlumat yayıb. Nəşr Rusiyaya buraxılmayan Tacikistan və Özbəkistan vətəndaşlarının iddiaları üzrə çıxarılmış doqquz məhkəmə qərarını araşdırıb.
Telefonlardakı yazışmalar və baxış tarixçəsi nəzarətdədir
Məhkəmə iclaslarında FSB nümayəndələri iddia ediblər ki, bütün şikayətçilər sərhəddə xüsusi yoxlamaya – “filtrasiya proseduruna” cəlb olunublar. Bu prosesə sorğu-sual və mobil telefonların yoxlanılması daxil olub.
Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, əcnəbilər telefonlarını yoxlama üçün könüllü şəkildə təqdim ediblər.
Məhkəmə qərarlarından birində güc strukturlarının əməkdaşlarının WhatsApp və Telegram messencerlərində “yazışmaların silinməsi və gizlədilməsi əlamətləri” aşkar etdikləri qeyd olunur.
Digər bir işdə isə FSB əcnəbinin rabitə vasitəsi kimi düyməli telefondan istifadə etməsini şübhəli hal kimi qiymətləndirib.
Bununla yanaşı, xüsusi xidmət əməkdaşları şəxslərin YouTube platformasındakı baxış tarixçəsini, həmçinin Rusiyada fəaliyyəti qadağan edilmiş vaizlərin kanallarına abunəliklərini də araşdırıblar.
Bu məlumatlar əsasında bəzi əcnəbilər “radikal islam ideologiyasının tərəfdarları” kimi xarakterizə ediliblər.
Yoxlamalar “Krokus Siti Holl” terrorundan sonra gücləndirilib
Moskva hava limanlarında əcnəbilərə qarşı bu cür yoxlamaların genişlənməsi 2024-cü ilin yazında “Krokus Siti Holl” konsert zalında törədilən terror aktından sonra başlayıb.
Sonrakı dövrdə Rusiyaya qayıdan ölkə vətəndaşları da sərhəd-keçid məntəqələrində uzunmüddətli sorğu-sual və telefon yoxlamalarına məruz qaldıqları barədə məlumat veriblər.
Beləliklə, məhkəmə materialları Rusiyada sərhəd nəzarətinin təkcə sənədlərin yoxlanılması ilə məhdudlaşmadığını, əcnəbilərin şəxsi yazışmalarının, internet fəaliyyətinin və istifadə etdikləri rabitə vasitələrinin də təhlükəsizlik yoxlamalarının predmetinə çevrildiyini göstərir.
Ağagül Mürsəlov,
KONKRET.az
