ABŞ prezidenti Avropa İttifaqının Kanadaya “assosiativ üzvlük” vermək planlarını “gülünc” adlandırıb. “Əgər onlar (AB rəhbərliyi – red.) bunu edərlərsə və mən bunu ən azı bir qədər olsun dostyana olmayan bir addım hesab etsəm, mən çox yüksək rüsumlar tətbiq edəcəyəm, ya da Avropa ilə ticarəti tamamilə dayandıracağam”, – deyə Tramp bildirib.
KONKRET.az xatırladır ki, Ursula fon der Lyayen 16 sentyabrda Kanada baş naziri Mark Karninin iştirak etdiyi Avropa Parlamentindəki çıxışında AB-nin Kanada ilə münasibətlərini “mümkün olan ən yüksək səviyyəyə” qaldırmağı və ölkəni Avropa İttifaqının ilk assosiativ üzvünə çevirməyi təklif edib. Zalın ön sırasında oturan Karni bu sözlərə başını tərpədərək razılıq bildirib və fon der Lyayeni qucaqlamaq üçün ayağa qalxıb, deputatlar isə təklifi ayaq üstə alqışlarla qarşılayıblar. “Assosiativ üzvlüyün” konkret olaraq nəyi nəzərdə tutduğu isə hələ ki, gələcək danışıqlar zamanı müəyyənləşdiriləcək.
Mark Karninin özünün Avropa Parlamentindəki çıxışı 17 sentyabra planlaşdırılıb. Gözlənilir ki, bu çıxışdan sonra Kanada ilə ABŞ arasındakı münasibətlər daha da gərginləşə bilər. Daha əvvəl, yanvar ayında Karni Davosdakı Ümumdünya İqtisadi Forumunda çıxış edərək, dünya ölkələrini ABŞ ilə “zəif mövqedən” ayrı-ayrılıqda danışıqlar aparmaqdan imtina etməyə və Vaşinqtonun iqtisadi təzyiqlərinə birgə müqavimət göstərməyə çağırmışdı.
Ağagül Mürsəlov,
KONKRET.az
