Sankt-Peterburqun Kirovski Rayon Məhkəməsi Əfqanıstandan olan jurnalist və teleaparıcı Kubra Hassanini sərhədi qanunsuz keçmə ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, onun həbsdə saxlandığı müddət hesaba alınıb və məhkəmə zalından sərbəst buraxılıb.
Eyni işdə iştirak edən daha 11 Əfqanıstan vətəndaşı da oxşar cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb. Əfqanıstan vətəndaşlarının Rusiyadan qeyri-qanuni miqrasiyasını təşkil etməkdə və FSB sərhəd xidmətinin rəisinə külli miqdarda rüşvət verməkdə ittiham olunan belaruslu Aleksandr Matsuleviç 4 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.
İndi Hassani və vəkili Yelena Fadeyeva qızın ölüm cəzası gözlədiyi vətəninə deportasiya olunacağından qorxur. 2023-cü ilin oktyabrında əfqan qadın Rusiyadan müvəqqəti sığınacaq istəyib, lakin bu il yanvarın 11-də ona rədd cavabı verilib.
Qeyd edək ki, Kubra Hassaninin 27 yaşı var. O, 2021-ci ilin avqustuna qədər Əfqanıstanın televiziya kanallarında çalışıb və ictimai-siyasi mövzularda verilişlər hazırlayıb. Hassani Talibana qarşı çıxıb və qadınların hüquqlarını müdafiə edib.
2021-ci ildə Hassani Əfqanıstanı tərk edərək Kiyev Universitetinə daxil olub. Rusiya hakimiyyəti Ukrayna ərazisində xüsusi hərbi əməliyyat (SVO) elan etdikdən sonra Hassani Avropaya getməyə qərar verib. O, Polşaya, oradan da Almaniyaya getmək istəyirdi. Amma sonda o və daha 11 nəfər Rusiyaya gətirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
