“İrəvanla Bakı mayın sonuna kimi sülh müqaviəsini imzalaya bilər. Bunun üçün ABŞ Ermənistana təzyiq edir və rəsmi İrəvanın Azərbaycanla tezliklə sülh müqaviləsi imzalaması üçün təzyiq göstərir”. Bu barədə erməni mediasında gedən xəbərlər “hay”ları əməlli-başlı təşvişə salıb. Bəs görəsən, ABŞ-ın Ermənistana təzyiq göstərməsi və may ayında sülhün imzalanacağı ilə bağlı yayılan xəbərlər nə dərəcədə realdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, hazırda Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir: “Son bir ilə nəzər saldıqda tərəflərin münasibətlərinin normallaşması istiqamətindəı müxtəlif vasitəçilik təşəbbüslərini görə bilərik. Moskva, Brüssel və Vaşinqton formatları mövcud olub. Təbii ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığından bu proseslərdə aktiv rol oynaya bilməyib. Digər tərəfdən Kremlin təklif etdiyi variant Azərbaycanın maraqlarına uyğun gəlmir. Çünki Kremlin təklifi sülh müqaviləsinin imzalanmaması və bölgədə gərginliyin qalması istiqamətinə yönəlib. Kreml hesab edir ki, belə olduğu halda rəsmi Moskvanın bölgədə qalmasına şərait yaranacaq. İkincisi, Brüssel formatıdır. Amma bu formatda müəyyən problemlər yaranıb. Belə ki, Fransanın proseslərə neqativ müdaxiləsi Brüsselin bu məsələdə aktiv rol oynamasına imkan vermir. Amma son bir ilə nəzər yetirdikdə ABŞ-ın vasitəçiliyi ilə müəyyən addımların atıldığını görə bilərik. Həm Tbilisidə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi, həm iki ölkə liderlərinin ABŞ-ın vasitəçiliyi ilə Münhendə baş tutan görüşünü buna misal çəkə bilərik. Hətta Münhendə müəyyın pozitiv addımlar da atıldı. Hazırda Vaşinqtonda keçirilən görüş ərəfəsində belə bir fikir formalaşdırılır ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda öz mövqelərini gücləndirmək və Rusiyanı bölgədən sıxışdırmaq üçün tərəfləri sülhə təşviq etməyə çalışır. Bu istiqamətdə daha çox Ermənistana təzyiq edilir”.

Politoloqun sözlərinə görə, may ayında tərəflər arasında sülhün imzalanmasına müəyyən ümidlər var: “Amma Azərbaycan və Ermənistan arasında son variant olaraq sülh müqaviləsinin məhz mayın sonunda imzalanacağını düşünmürəm. Çünki bunun üçün hələ şərtlərin tam şəkildə yetişmədiyi qənaətindəyəm. Təbii ki, sülhün əldə olunması üçün əksər şərtlər mövcuddur. Xüsusilə də Laçın yolunun Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsinin və gömrük postunun qurulması çox vacib addımlar idi. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ortadan qaldırmış oldu. Azərbaycan Prezidenti Blinkenlə telefon danışığında da bu məsələyə toxundu və birmənalı mövqe ifadə etdi. Məhz bu mövqe Ermənistanı sülhə gəlməyə vadar edəcək. Amma mayın sonuna qədər bunun baş verəcəyinə inanmıram. Hər halda bu görüş prosesləri müəyyən qədər irəli aparmaq imkanına malikdir. Əgər ABŞ ciddi şəkildə prosesə müdaxilə edərsə və Ermənistana təzyiqləri artırarsa, o zaman sülh müqaviləsi imzalana bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
