Xəbər verdiyimiz kimi Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkədə Ukrayna Prezidenti Volodimir Zelenski haqqında rəy yazıb. Aktrisa “Show News”un instaqram hesabında yazdığı rəy geniş rezonans doğurub.
Bir çoxları Məlahət xanımı yazdığı fikirlərə görə qınayıb. Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Məlahət Abbasova bunları bildirib:
“Mən siyasət adamı deyiləm. Mən sənət adamıyam. Bunu ona görə bir daha təkrarlayıram ki, mənim ötən gün Zelenski haqqında dediklərim yanlış anlaşılıb. Məsələ belə olub. Dünən bizim diaspor təşkilatının Xocalı soyqırımı ilə bağlı tədbiri var idi. Mən də həmin tədbirdəydim. Xocalı dəhşətlərini bir daha yaşadıq, duyğulandıq. Bütün günü də bu duyğularla yaşadım. Axşam evə gələndə gördüm ki, həyat yoldaşım NTV kanalında Ukrayna ilə bağlı siyasətçilərin yorumlarına baxır. Həmin zaman Volodimir Zelenskinin bəyanatı yayımlandı. Ukrayna prezidenti gileylənirdi ki, “hamı bizi aldatdı. NATO bizi yarı yolda qoydu”. Düzü, Zelenskinin bu sözləri mənə çox pis təsir etdi. Bu siyasətçi sözləri deyildi. Axı, neçə gündür ki, Ukraynada insanlar tələf olur, uşaqlar, qadınlar, qocalar günahsız yerə öldürülür. Və təbii ki, bu insanların ölümündə prezident kimi Zelenskinin az və ya çox dərəcədə məsuliyyəti var. Ona görə də həm Xocalı dəhşətlərini bu gün bir daha yaşadığıma və Ukraynadan göstərilən velosipedlə gedən uşağın raket zərbəsinə qurban getməsin görəndən sonra emasional şəkildə tanış saytların birinin mail-inə yazdım ki, “Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Siyasət onun işi deyil. Siyasətçi qətiyyətli olmalıdır. Lazım gələndə kiminsə göz yaşına baxmamalıdır. Sənət adamı isə daha çox emosiyalarla hərəkət edir”. Necə ki, Zelenski də belə emosional danışırdı. Mən də bu mənada demişəm ki, sən aktyorsan, sənət adamısan”.
Əməkdar artist fikrini sübut etmək üçün bizimlə söhbətində tarixdən bir misal da çəkdi. Dedi ki, “Bir dəfə Mirzağa Əliyevi yuxarılara çağırıblar. Deyiblər ki, “istəyirik ki, sən teatrın direktoru olasan”. Rəhmətlik Mirzağa müəllim də qayıdır ki, “Yox, ay qağa məndən direktor çıxmaz. Mən sənət adamıyam. Direktor qətiyyətli olmalıdır. Lazım gələndə kimlərinsə göz yaşlarına baxmamalıdır”. Beləcə, Mirzağa Əliyev direktorluqdan imtina edib. Bax, Zelenskiyə də mən bu prizmadan yanaşmışam, münasibət bildirmişəm ki, sənət adamı mülayim olur, yumşaq olur. Necə ki, Zelenski son günlər prezident kimi deyil, sənət adamı kimi çox humanist mövqe sərgiləyir. Bax, bu mənada mən demişəm ki, qardaş, sən get sənətinlə məşğul ol”.
Məlahət Abbasovanı anlamaq çətin deyil. Çünki damarlarında insanlıq qanı axan heç bir Allah bəndəsi Ukraynada və digər qaynar nöqtələrdə günahsızcasına öldürülən, didərgin salınan insanların taleyinə laqeyd qala bilməz. Necə ki, Məlahət xanım da insan və sülsevər bəşər övladı kimi indiki məsul zamanda susmadı, öz mövqeyini bildirdi. Onun mövqeyi kimlərinsə xoşuna gəlmiyə bilər. Normaldır. Amma hər xoşa gəlməyən sözə görə də insanları yarğılamaq olmaz. Elə deyilmi?!…
Surxay Atakişiyev,
KONKRET.az
